Parlamentdə gərgin iş günü: deputatlar məscidin sökülməsinə münasibət bildirdi

Milli Məclisinin növbəti plenar iclası başlayıb.

 

APA TV-nin məlumatına görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 39 məsələ daxildir.

 

İclasda Hesablama Palatasının 2016-cı il üzrə hesabatı dinlənildikdən sonra deputatlar cari məsələlərin müzakirəsinə diqqət çəkiblər.
 

Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, auditin aparıldığı bütün dövlət orqanlarında bu və ya digər maliyyə pozuntularına yol verilib və bu, çox üzücü haldır: "Millət vəkilləri maliyyə pozuntuları ilə bağlı dəfələrlə çıxış edib, Hesablama Palatası da dəfələrlə maliyyə pozuntuları ilə bağlı məlumat verib. Görünən odur ki, vəziyyət düzəlmir. Buna görə də aşkar olunan qanun pozuntuları ilə əlaqədar olaraq daha ciddi cəzaların görülməsini istəyirik".

 
Millət vəkili Siyavuş Novruzov parlamentdə büdcə və büdcəyə nəzarət komitəsinin yaradılmasını təklif edib: "Cəza nə qədər sərt olur-olsun, mənimsənilən maliyyə geri qayıtmırsa, bunun heç bir əhəmiyyəti yoxdur. Bunun üçün də struktur dəyişikliyinə ehtiyac var. Biz gözləyirik ki, kimsə qanunu pozsun, mənimsəmə olsun, sonra tədbir görək. Hesablama Palatasına səlahiyyət verməliyik ki, bununla bağlı tədbirlə görsün”.


Deputat Əli Məsimli Hesablama Palatasının hesabatının müzakirəsi zamanı bildirib ki, bu hesabat əvvəlki dövrlərdəkindən fərqlənir, ona görə də sənədi müsbət qiymətləndirmək olar. Əli Məsimli vurğulayıb ki, büdcə vəsaitlərinin artırılması üçün xırda xərcləri məhdudlaşdırmaq effektli deyil.

 

Deputat Fərəc Quliyev Hesablama Palatasının fəaliyyətini  parlamentin uğuru adlandırıb.

 

Millət vəkili bildirib ki, hesabatda "AZAL" və "Bakı Metropoliteni"nin vahid büdcə təsnifatından çıxarılması tövsiyə olunur ki, bu da çox doğru addımdır.

 

Deputatlar Hacı Cavad məscidinin sökülməsinə münasibət bildiriblər.
 

 

Deputat Fazil Mustafa qeyd edib ki, məscidin sökülməsi ilə bağlı etiraz edənlər süni ajiotaj yaratmaq istəyənlərdir. Azərbaycanda bir çox yerdə məscidlər tikilir, təmir olunur və dini ocaqlara hörmət qoyulur: "Məscidin sökülməsi ilə bağlı etirazlar başlayanda araşdırıldı və məlum oldu ki, oranın nə qeydiyyatı var, nə də mədəni abidə kimi qorunur. Ora yığışanlar məqsədli şəkildə ajiotaj yaratmaq istəyənlərdir".

 

Deputat Qüdrət Həsənquliyev təklif edib ki, həmin məscidin sökülməsi zamanı polisə müqavimət göstərən şəxsləri Dövlət Təhlükəsizlik Xidməti araşdırsın: "Araşdırılsa, məlum olacaq ki, onlar hansısa kənar ölkənin xüsusi kəşfiyyat orqanına bağlıdırlar. Biz imkan vermərik ki, məscidlərimiz casus yuvasına çevrilsin".

 

Siyavuş Novruzov isə qeyd edib ki, hansısa məscidin funksiyası ondan ibarət deyil ki, orada yığışıb, qərarlar qəbul etsinlər: "Bu ərəfələrdə ara qatmaq istəyən qüvvələr var. Bu məsələlərə ayıq-sayıq yanaşmaq lazımdır. Bu barədə cəmiyyətə düzgün məlumat verilməlidir. Hacı Cavad məscidindən bir qədər aşağıda Təzə Pir məscidi var. İbadət etmək istəyirsənsə, ora gedə bilərsən”.

 

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli yeni hazırlanmış "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, son dövrlərdə Azərbaycanda qadınların siqaretə marağı artıb. Komitə sədri bildirib ki, aparılan sorğular nəticəsində müəyyən olunub ki, kişilərin 67,5 faizi, qadınların isə 52,3 faizi ətrafdakı tütün tüstüsündən əziyyət çəkir: "Bu narahatçılıq əsasən ictimai yerlərdə baş verir".

 

Deputat Tahir Kərimli deyib ki, tütün məmulatları ilə bağlı problemlər bəşəri problemlərdir.

 

T.Kərimli qeyd edib ki, bu qanunun icrasının həyata keçirilmə forması da açıqlanmalıdır.

 

Müzakirələrin yekununda qanun layihələrinin əksəriyyəti  səsə qoyularaq qəbul olunub.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR