Vüqar Gülməmmədov: "Bəzi qurumlar nöqsana yol vermiş vəzifəli şəxsləri cəzalandırmır"

"Hesablama Palatası ötən il 8 istiqamət üzrə 825 nöqsan və pozuntu faktı aşkarlayıb" .

APA TV-nin məlumatına görə , bu fikirləri Milli Məclisin bugünkü plenar iclasında Hesablama Palatasının 2016-cı il üzrə hesabatının müzakirəsi zamanı qurumun sədri Vüqar Gülməmmədov deyib.

 

"Hesabat ilində mühasibatlıq, büdcə vəsaitlərindən istifadə və satınalmalar zamanı nöqsanlara daha çox yol verilib. Dövlət satınalmaları sahəsində zəruri sənədlərin təqdim edilməməsi, vəsaitlərin səmərəsiz istifadə və digər pozuntular qeydə alınıb".

 

Onun sözlərinə görə, bəzi qurumlar nöqsana yol vermiş vəzifəli şəxslər barəsində zəruri tədbirlər görməyiblər:

 

"2016-cı il üzrə nəzarət tədbiri kimi audit aparılan qurumlar tərəfindən 443 nəfər barədə bir sıra intizam-tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı məlumatlar Hesablama Palatasına daxil olub.  Bəzi qurumlar tərəfindən nöqsan və pozuntulara yol vermiş vəzifəli şəxslərə münasibətdə zəruri intizam-tənbeh tədbirləri tam görülməyib".

 

V. Gülməmmədov qeyd edib ki, hesabat ilində dövlət büdcəsinin gəlirləri üzrə 8, büdcə xərcləri üzrə 63, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə cəlb edilmiş vəsaitlərlə bağlı 2, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 4 auditin nəticəsi üzrə qərar qəbul edilib.

 

Onun sözlərinə görə, dövlət büdcəsinin gəlirlərini əhatə edən və hesabat ilində yekunlaşan 2 tədbir vergi inzibatçılığının təşkil edilməsi, həmçinin vergi qanunvericiliyinə riayət olunması vəziyyəti ilə bağlı olub.

 

Qeyd edək ki, 2016-cı ildə audit ilə əhatə olunmuş qurumların sayı 155 olub.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR