Dövlət Məşğulluq Xidmətinin rəis müavini: "Gənclər bəzi peşələr barədə məlumatsızdır"

Dünyada 200-dən çox peşə var. Onların əksəriyyətinə gündəlik həyatda tələbat çoxdur. Lakin təəssüf ki, ali təhsilli ixtisaslara meyl bir çox peşələrə marağı azaldıb.

 

İllərdir davam edən mənfi tendensiya əmək bazarına da təsirsiz ötüşməyib. Belə ki, əksər peşələr üzrə mütəxəssis qıtlığı yaranıb. Buna görə də maarifləndirmə tədbirlərinə ehtiyac var.

 

Şuşa rayon 1 saylı orta məktəbdə “Düzgün ixtisas seçimində valideynlərin rolu” mövzusunda təşkil olunan tədbirin keçirilməsində məqsəd də məhz bu məsələyə diqqəti artırmaqdır.

 

Dövlət Məşğulluq Xidmətinin rəis müavini İbrahim Heydərov deyib ki, bəzi peşələr  haqqında gənclərin məlumatı yoxdur: "Əmək bazarında elə ixtisaslar var ki, onlar haqqında gənclərin məlumatı yoxdur. Keçən il belə tədbirlərin keçirilməsi nəticəsində 117 mindən çox şagird belə tədbirlərə cəlb olunmuşdu. Bu ilin birinci rübünə 132 mindən çox şagird valideynləri ilə birgə belə tədbirlərə cəlb edilib. Belə tədbirlərdə istər valideyn, istərsə də şagirdlər gələcəkdə karyerasını qurmaq üçün müfəssəl məlumat alırlar".

 

O əlavə edib ki, ixtisasına uyğun iş tapa bilməyənlər Dövlət Məşğulluq Xidməti nəzdində fəaliyyət göstərən Peşə Tədris Mərkəzi vasitəsilə peşə kurslarına yönəldilir.  

 

Şuşa rayon Məşğulluq Mərkəzinin direktoru Vəsilə Xəlilova çıxışında bildirib ki, hər bir insan məişətdə və ümumiyyətlə, gündəlik həyatda müxtəlif sahələrdə mütəxəssisə ehtiyac duyur, məsələn, bərbər, fəhlə, işıqçı və s. “Bunu nəzərə alaraq, uşaqları bacarıq və istedadlarına uyğun olaraq, təkcə, ali təhsilli ixtisaslara deyil, digər peşələrə yönəltmək lazımdır” deyə, o, əlavə edib.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR