Düşmənin hərbi təlimləri aydın görünür - CƏBHƏ KƏNDİNDƏN REPORTAJ

Ermənistan silahlı qüvvələri  işğal etdiyi Azərbaycan torpaqlarında yenidən hərbi təlimlər keçirməyə başlayıb. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, ermənilər hərbi təlimləri Ağdamın işğal altında olan Uzundərə adlanan ərazisində reallaşdırır.

Ağır artilleriya qurğularından və zirehli texnikadan atılan mərmilərin Şahbulaq dağının ətəklərində partlaması cəbhəyanı yaşayış məntəqələrində açıq-aydın müşahidə olunur.

Ağdamın Əhmədağalı  kəndi 1993-cü ildən  qoşunların qarşıdurma xəttində yerləşir. Kənd dəfələrlə ermənilərin hücumuna məruz qalıb. Düşmən  buranı  top, tank, minaatanlar, snayperlərdən mütəmadi atəşə tutur. Kənd sakinləri  təkcə bunun əziyyətini çəkmir. Ermənistan tərəfinin işğal altında olan torpaqlarımızda keçirdiyi irimiqyaslı  hərbi təlimlər zamanı yaranan torpaq titrəməsi səbəbindən evlərin çoxu qəzalı vəziyyətə düşüb: "Gündəlik atırlar camaat narahat olur, evlərimiz dağılır, silkələnir, çatlayır. Narahatlıq olur, amma buna baxmayaraq  kənddəyik, hamı öz işi ilə məşğuldur".

Bələdiyyə sədri Elsanə Qasımova da vəziyyətin çətinliyindən danışıb: "Əhmədağalı bələdiyyəsinin ərazisində 4 yaşayış məntəqəsi, 760 təsərrüfat var. Əhali uzun illərdir müharibənin əziyyətini çəkir. Təmas xəttinə yaxın olduğumuz üçün orda təlimlər keçiriləndə, burda torpaq titrəməsindən evlər çatlayır".

Baş verənlər azyaşlı uşaqlara psixi təsir göstərir, yaşlı  və ahıl adamlarda əsəb gərginliyi yaradır. Ermənilərin təlim zamanı istifadə etdiyi mərmilər, bölgənin ekologiyasına da təsirsiz ötüşmür. Havaya yayılan barıt qoxusu və kimyəvi qarışıqlar bitkilərdə, əkin sahələrində yetişməkdə olan məhsullarda çoxsaylı xəstəliklərin yaranmasına səbəb olur. Bu da birbaşa canlılar arasında allergiya hallarının çoxalmasına  gətirib çıxarır. Ağdam Mərkəzi Rayon Xəstəxanasının həkimi xəstəxanaya müraciət edənlərin sayının artdığını deyib: "Yerli əhali arasında hipertoniya, şəkərli diabet xəstəliyi  və sinir sisteminin emosional gərginliklə bağlı xəstəlikləri  daha çox rast gəlinir.  Son vaxtlar ekologiyanın çirklənməsi ilə bağlı əhali arasında allergik xəstəliklərin sayı çoxalıb".

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR