Yaponiya Şimali Koreyaya qarşı müharibə siqnalı verdi

Yaponiya hökuməti Şimali Koreyanın arsenalında zəhərli maddələrlə təchiz olunmuş döyüş başlıqlı raketlərin mövcudluğundan narahatlığını ifadə edib.

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bunu "gündoğar ölkə"nin baş naziri Sindzo Abe Parlamentin Xarici Əlaqələr Komitəsinin iclasında bildirib.

Bununla yanaşı, baş nazir Suriyada baş verən məlum insidentə də toxunub:


"Bu ayın əvvəlində kimyəvi silahla hücum nəticəsində Suriyada yüzdən çox insan öldü. Biz bu faktı nəzərə almalı və Şimali Koreyanın buna bənzər addımlara getməsinə əngəl olmalıyıq. Bunun üçün bizə müdafiə vasitələri lazımdır".

Bu arada, Qərb mətbuatı rəsmi Pxenyanın yaxın günlərdə növbəti raket sınağı həyata keçirəcəyini xəbər verir. Sözü gedən sınağın ölkənin ilk lideri Kim İr Senin anadan olmasının 105 illiyi ərəfəsində baş tutacağı bildirilir. Bu bəyanatlar fonunda Şimali Koreya hökuməti ABŞ tərəfindən yönələn aqressiv hərəkətlərə cavab verilməsinə tam hazır olduğunu bəyan edib.

Qeyd edək ki, aprelin 9-da ABŞ Koreya yarımadasına aviadaşıyıcı zərbə qrupu təhkim edib. Şimali Koreya hakimiyyəti isə bu addımı provokasiya kimi dəyərləndirib. Müşahidəçilərin fikrincə, ABŞ və Şimali Koreya arasında yaranan gərginlik nüvə münaqişəsinə gətirib çıxara bilər. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR