Azərbaycan Ordusu irimiqyaslı təlimlərə başlayır
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən aprel ayının 16-dan qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə bildirilib ki, təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.
Təlimlər zamanı çətin relyef şəraitində müasir ümumqoşun döyüşü və əməliyyatların keçirilməsinin müxtəlif üsulları məşq etdiriləcək.
Qəbul edilmiş qərara əsasən qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, səfərbərlik ehtiyatlarının toplanılaraq təyinatı üzrə göndərilməsi, zərbə qruplaşmalarının yaradılması və müəyyən olunmuş istiqamətlərdə tətbiqi, döyüş aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunacaq.
Təlimlər aprelin 21-dək davam edəcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır