FHN və BMT İP Ağdaşda “Su və dayanıqlı inkişaf” mövzusunda tədbir keçirib

Fövqəladə Hallar Nazirliyi BMT-nin İnkişaf Proqramı ilə birgə aprelin 13-də Ağdaş rayonunda “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi çərçivəsində “Su və dayanıqlı inkişaf” mövzusunda tədbir keçirib.


APA TV-nin məlumatına görə, tədbirdə FHN-nin Mərkəzi Aparatının, nazirliyin Dövlət Su Ehtiyatları Agentliyinin və Aran Regional Mərkəzinin, BMT İP və layihənin tərəfdaş təşkilatları, rayon icra hakimiyyətlərinin məsul əməkdaşları, layihəyə cəlb olunmuş beynəlxalq və yerli ekspertlər iştirak edib. Toplantıda çıxış edən BMT İP-in strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev çıxış edərək FHN ilə birgə həyata keçirilən bu layihənin əhəmiyyəti və müsbət nəticələrindən bəhs edib. Məzahir Əfəndiyev bildirib ki, layihənin əsas məqsədi su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə, Azərbaycanın dağ icmalarının su çatışmazlığı və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır.


FHN-nin Layihələrin İdarə edilməsi İdarəsinin rəisi Azadi Quliyev nazirliyin fövqəladə hallarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı həm beynəlxalq təşkilatlar, həm də xarici dövlətlərin müvafiq qurumları ilə yüksək səviyyədə əməkdaşlıq etdiyini nəzərə çatdıraraq icra olunan layihənin sözügedən istiqamətdə həyata keçirilən fəaliyyətin tərkib hissəsi olduğunu bildirib.


FHN Su Ehtiyatları Dövlət Agentliyinin sektor müdiri, ekspert Samir Abbasov “Sel və daşqınların idarə olunması, fəsadların aradan qaldırılması” mövzusunda məruzə edib. Layihənin eksperti Rövşən Abbasov “Suların inteqrasiyalı idarə edilməsi” barədə təqdimatla çıxış edib. Toplantıda həyata keçirilən layihə çərçivəsində görülmüş işlər haqqında videoçarx nümayiş olunub.


Tədbirdə yerli xarakterli daşqınların aradan qaldırılması üçün ilkin cavabvermə alətləri və avadanlıqları dəsti yerli icra hakimiyyəti orqanlarına təqdim edilib.

    
BMT İP-in strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev deyib ki, FHN ölkədə suların düzgün idarə olunması, sel və daşqınların qarşısının alınması ilə bağlı böyük tədbirlər həyata keçirir: "Ağdaşda keçirilən bu toplantıda biz sel və daşqınların qarşısını almaq və əhalinin təhlükəsizliyini təmin etmək üçün ilkin tədbirlərin görülməsi ilə, iqlim dəyişikliyi ilə bağlı hansı tədbirlərin görülməsi bağlı maarifləndirmə işləri apardıq. Əgər belə təbii fəlakət, sel və daşqınlar baş verərsə onların nəticələrinin aradan qaldırılması üçün ilkin cavabvermə alətləri və avadanlıqları dəsti yerli icra hakimiyyəti orqanlarına təqdim etdik. Həmçinin, ölkədə kənd təsərrüfatının inkişafı ilə görülən işləri nəzərə alsaq burada su idarəçiliyi sahəsində FHN və BMT İP-in bu layihəsi də böyük tövhə verəcək”. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR