Bakı-Sumqayıt yolunda qəzada ölən tələbələrin ailələri fəryad edir: CƏZALANDIRILSINLAR!

Bir ay bundan əvvəl Bakı-Sumqayıt yolunda baş verən qəza 6 tələbənin həyatına son qoydu. Ömürlük bu ağrı ilə yaşamağa məhkum olan tələbələrin ailələri hələ də yaşanılan bu faciənin təsiri altındadır. Tək təsəlliləri ortaq dərdi paylaşmaq, bir-birilərinə dəstək olmaqlarıdır. 

 

Müstəqil həyata yeni qədəm qoyan bu gənclərin hər birinin öz xəyalları, arzuları vardı. Qəzadan sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılan və 2 gün sonra həyatla vidalaşan 18 yaşlı  Lalənin arzularından biri işləyib ailəsinə maddi yardım göstərmək idi.

 

Atası Yaşar Ələsgərov qəzada dünyasını dəyişən qızına çox bağlı olduğunu deyib: "Yəqin əksər ailələrdə belədir ki, atalar qızlara daha çox bağlı olurlar. O, mənə çox bağlı idi, mən də ona. İndi də bağlıyam. Onun son sözü atama zəng edin olub... Arzuları çox idi. İşləmək istəyirdi. Ailəyə maddi kömək olmaq üçün. Qardaşı da tələbə vaxtı işləyirdi, işləmək fikri də buradan qaynaqlanırdı. Buna görə də bir neçə yerə CV vermişdi. Ölümündən bir neçə gün sonra CV verdiyi yerlərdən müsahibəyə çağırmışdılar".  

 

20 yaşlı Roza Muradova isə Sumqayıt Dövlət Universitetinin 3-cü kurs tələbəsi idi, bu ay toyu olacaqdı. Atası Eynulla Muradov qızını vəfatının qismət anlayışı ilə əlaqələndirilməsi ilə barışmır: "Qızımın toyu olacaqdı, o qədər arzuları vardı ki... Mən yan-yana gedəndə onunla fəxr edirdim. Onunla nəfəs alırdım. Mən indi hər gün onun məzarının üstündəyəm. Günüm orada keçir. Buna qismət deyirlər, amma qızımın ölümünü qismətə bağlamaq olmur..."

 

Eyni qəzada dünyasını dəyişən İbrahim Nəsibov və İbrahim Quliyev eyni universitetdə oxumaqla yanaşı, həm də dost olublar. İbrahim Nəsibov təhsili ilə yanaşı rəqslə, idmanla məşğul olurmuş. Gələcəyə dair arzuları isə sərhədsiz olub. İbrahim Nəsibovun anası Xatirə xanım baş verənlərlə barışmır: "Çox fəal uşaq olub. Pianoya da gedirdi. Hər gün evə gələndə piano çalırdı. Artıq pianonu toz basıb. Heç çalınmır. 8 martda mənə mahnı ifa etdi. Bu dəfə isə 8 mart hədiyyəsi özü oldu. Çox çətindir bizə. Belə oğul itirən ana, ata necə sakit dayansın. Şikəst atadır, kürəyini söykəmişdi oğluna. Deyirdi oğlum mənim arxamdır. İndi nə edim?"

 

20 yaşlı Çinarə Quliyeva Rozanın uşaqlıq dostu olub. Onlar bir yerdə böyüyüb, eyni məktəbi, eyni universiteti oxuyublar, iki rəfiqənin aqibəti də oxşar olub. Anası Nəsibə xanım qəza zamanı qızının telefonunun itdiyini deyib: "Çox savadlı, qabiliyyətli idi. Yoldaşım burada olmur, mən onları tək böyütmüşəm. Deyirdi ki, ana 2 ilimiz qalıb, bir az da dözək. Onları qanadım altına almışdım, elə bilirdim dünya ayağımın altındadır. Heç nə vecimə deyildi. İndi bir ana kimi mənə nəfəs almaq, yaşamaq çox çətindir. Səhərin açılmasını, axşamın düşməsini istəmirəm. Övladsız nəfəs almaq belə istəmirəm. Nə ümidlə yaşayım? Onları belə şəraitsiz, tək otaqda böyütmüşük. Həmişə deyirdi ana, kaş bir otağım olaydı. Biz elə bir zülmlə övlad böyütmüşük.  Uşağımın telefonu qəzada  itib. Telefonunu istəmirəm, içindəkiləri istəyirəm, xatirələri var. İçindəkiləri götürüm, sonra o telefonu kim istəyir verim".

 

İndi bu gözüyaşlı valideynlərin tələbi təkcə sürücünün deyil, bu işdə məsuliyyəti olan hər kəsin cəzalandırılmasıdır. Övlad itkisi ilə üzləşən bu valideynlər təkcə öz ağrılarını ovutmaq üçün deyil, həm də, digərlərinin də bu faciə ilə üzləşməməsi üçün bunu istəyirlər. Yaşar Ələsgərov baş verən qəzaya görə sürücüdən başqa, yollarda qanunsuz sərnişin daşınmasına göz yuman müvafiq dövlət qurumlarının məsuliyyət daşıdığını deyir: "Qəzada həlak olan 6 tələbənin şikayəti dövlət qurumlarındandır. Heç birimizin ailəsinə ən azından quru başsağlığı verən də olmayıb. Müvafiq dövlət qurumlarının bu işdə birbaşa günahı var. Ekologiya postu, Saray postu qarşısından həmin avtobuslar eyni vəziyyətdə gündə təxminən 20 dəfə o baş, bu başa gedir. Niyə Dövlət Yol Polisinin əməkdaşları o mikroavtobusların sərnişin daşımasına göz yumur? Bu günə qədər də o postlarda işləyən polislərdən heç biri məsuliyyətə cəlb olunmayıb. Nə də heç olmasa işdən çıxarılmayıb. Onlar sürücü ilə bərabər məsuliyyətə cəlb olunmalıdır. Bu laqeydlik bizim yaramıza duz səpir. Heç elə bil belə hadisə olmayıb, yaxud adi bir şeydir, sanki belə olmalı imiş. Heç olmasa dövlət səviyyəsində marşrut təşkil olunsun. 20 yanvardan uşaqların məktəbə daşınmasını təşkil eləsinlər. Heç olmasa bundan sonra kimlərinsə balası belə vəziyyətlə üzləşməsin".

 

Xatirə Nəsibova mişar daşı yüklənmiş "Kamaz"ın bir sutkadan artıq körpü üzərində dayanmasına müvafiq qurumların göz yumduğunu deyir: "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi var, kameralar çəkir. İki saatdan artıq heç bir maşın belə yüklü vəziyyətdə körpünün üstündə dayana bilməz. Hansı şirkətin maşını idisə, müraciət edilməli idilər, başqa maşın gəlməli o yükü boşaltmalı idilər. Necə olur ki, bir sutka orada dayanır, qəza olan kimi 2 dəqiqəyə boşaldırlar. Deməli mümkündür. Bəlkə yük maşını altında partlayıcı qoyublar? Bu yol dövlət əhəmiyyətli yoldur. Bakı-Rostov yoludur. O yolda o maşın dayanmamalı idi".

 

Nəsibə Quliyeva deyir ki, baş verən qəzada yeganə günahkar sürücü deyil: "Bu işin üstündə dursunlar, bilmirəm kimlər baxır, necə baxır, bu qəzada hamının əli var. Təkcə sürücünün üstünə atmayın bunu. Sürücünü görənlər var, elə aparanda niyə demirdilər ki, ay bala, camaatın evini niyə yıxırsınız. Sən pul yeyirsən, bəs mənim balamı kim qaytaracaq? 6 uşağı bizə kim verəcək? Gəlin hər şeyimi verirəm, amma uşağımı geri qaytarsınlar".

 

Valideynlər həm də  ürək yanğısı ilə iddia edirlər ki, vəziyyət eyni ilə qalıb. Marşrutlar bu dəfə məhəllələrin içi ilə, eyni təhlükə altında yola çıxır, Bakıdan Sumqayıta və əks istiqamətdə tələbə daşıyırlar.

 

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR