Tramp: "Dollar çox güclənib, FES uçot dərəcəsini endirməlidir"
"ABŞ dolları həddən artıq güclənməkdədir və bu proses nəticə etibarilə iqtisadiyyatımıza ciddi zərər verə bilər". Bu fikirləri "Wall Street Journal" nəşrinə müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, Federal Ehtiyat Sistemi (FES) tərəfindən uçot dərəcəsinin endirilməsi daha məqbuldur: "Hesab edirəm ki, dollar həddən artıq güclənməkdədir. Burada mənim günahım da var, çünki insanlar mənə etimad göstərir. Lakin bir şeyi bilməliyik ki, bu proses iqtisadiyyatımıza ciddi zərər verir. Güclü dollarla rəqabət aparmaq çox çətindir. Çünki başqa ölkələr öz valyutalarını devalvasiyaya uğradır".
Seçkiqabağı kampaniyası zamanı səsləndirdiyi fikirlərin əksinə olaraq D. Tramp bildirib ki, onun rəhbərlik etdiyi administrasiya Çini valyuta manipulyatoru adlandırmayacaq.
Tramp FES rəhbəri Canet Yellenə dərin hörmət bəslədiyini deyib: "Onun səlahiyyət müddəti 2018-ci ilin əvvəlində başa çatır, lakin bu, onun sonu deyil".
Xatırladaq ki, D. Tramp seçkiqabağı kampaniya çərçivəsində FES rəhbərinin fəaliyyətini ciddi tənqid edirdi. Kampaniya çərçivəsində çıxışlarının birində D. Tramp bildirib ki, məhz C. Yellen bilərəkdən uçot dərəcələrini ən aşağı səviyyədə saxlayır.
Ölkə başçısının açıqlamaları dolları ucuzlaşdırıb, eyni zamanda ABŞ səhmlərinin və dövlət istiqrazlarının gəlirliliyinə mənfi təsir edib. Belə ki, dolların indeksi 0,7% zəifləyərək 100,040 bənd səviyyəsinə enib ki, bu da iki həftəlik minimumdur.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır