Əhmədinejat prezidentliyə namizəd oldu: İranda 287 nəfər prezident olmaq istəyir

İranın sabiq prezidenti Mahmud Əhmədinejad yenidən prezidentliyə namizədliyini irəli sürüb. Ali lider ayətullah Xamenei Əhmədinejada namizədliyini irəli sürməməyi məsləhət görsə də, keçmiş prezident sabiq vitse-prezident Həmid Bəqayi ilə birlikdə namizədlərin qeydiyyatı idarəsinə gedib və namizədliyini irəli sürüb. M. Əhmədinejad jurnalistlərə açıqlamasında bildirib ki, ali liderə verdiyi sözün üstündə dayanır: "Mən cənab Bəqayiyə dəstək olmaq üçün namizədliyimi vermişəm".

 

İranda prezident seçkilərində iştirak etmək istəyən 287 nəfər namizəd kimi qeydiyyatdan keçib. Prezident seçkilərinin keçirilməsi üzrə qərargahın sədri Əli Əsgər Əhmədi bildirib ki, qeydə alınan namizədlərdən 13-ü qadındır.

 

Mahmud Əhmədinejadın namizədliyi qeydə alınmazdan əvvəl prezident Həsən Ruhaninin əsas rəqibi İbrahim Rəisi hesab olunurdu. Lakin İbrahim Rəisi namizədliyinin qeydiyyata alınması üçün hələ müraciət etməyib. H. Ruhaninin digər rəqiblərindən olan Məhəmməd Baqir Qalibafın da namizədliyini irəli sürəcəyi ehtimal olunur.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR