Bakıda istirahət mərkəzində bina uçdu: 2 fəhlə ölüb, 3 yaralı var
Bakıda tikilməkdə olan binada uçqun olub. APA TV-nin məlumatına görə hadisə paytaxtın Səbail rayon Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində qeydə alınıb. Hadisə yerinə gedən çəkiliş qrupumuzun fəaliyyətinə maneçilik törədilib.
Uçqun baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Təcili Tibbi Yardım Briqadasının əməkdaşları xəsarət alan yaralıları ərazidən çıxararaq xəstəxanaya aparıblar. İlkin məlumata görə, tikintidə çalışan 1983-cü Yolçuyev Ramal Layiq oğlu və 1973-cü il təvəllüdlü İbrahimov Rövşən İsmayıl oğlu dünyasını dəyişib. Ümumilikdə tikintidə 20-yə yaxın fəhlə çalışırmış.
Hadisənin şahidi uçqun hadisəsinin fəhlələr nahar edən zaman baş verdiyini deyib: "Naharda idim, gördüm ki, bina uçdu, biz kənara çəkildik. Yaralıları apardılar".
Klinik Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov bildirib ki, xəstəxanaya uçqun nəticəsində yaralanmış 3 nəfər gətirilib.
Bunlar 1983-cü il təvəllüdlü Orucov Ayaz Bayram oğlu, 1977-ci il təvəllüdlü Şükürov Təbriz Hüsən oğlu və 1962-ci il təvəllüdlü Mehdiyev Əmir Teymur oğludur.
Onlardan birinin vəziyyəti yüngül olduğundan bu gün evə buraxılması nəzərdə tutulur. Digərlərinin isə müalicəsi xəstəxanada davam etdiriləcək.
Hadisə ilə bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır