Milli Məclisdə dərman qalmaqalı - MÜZAKİRƏLƏR

“Bəzi şirkətlərin Çində istehsal olunan dərmanları Avropaya göndərib orada qablaşdırmaqla Azərbaycana gətirdikləri barədə çoxlu sayda müraciətlər daxil olur”.

 

APA TV-nin məlumatına görə, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev komitənin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna yeni əlavəyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bəzi hallarda həkimlərin xəstəyə təyin etdiyi dərmanlar o qədər də effekt vermir:

 

“Ona görə də xəstələrə qonşu ölkələrdən dərman gətirmələrini tövsiyə edirik. Bu, çox ciddi narahatlıq doğuran faktdır. Tarif Şurası buna çox ciddi əncam çəkməlidir. Bəlkə də 400-500 adda dərmanın qiymətini tənzimləməli, yerdə qalanlarının qiymətini isə şirkətlərin özlərinə həvalə etməliyik”.

 

M. Quliyev bildirib ki, bioloji aktiv maddələr dərman deyil və onların tərkibində bioloji fəal maddələr var.

 

“Onların hədsiz, dozasız istifadəsi zərər verə bilər. Bioloji fəal maddələr dərman vasitəsini əvəz etmir, amma xəstələrin orqanizminin gücləndirilməsi, onun reabilitasiyası dövründə bu vasitələrdən istifadə edilir. Ona görə də bunların işlənmə qaydası olmalıdır. Həkimlər xəstələrə bunu müstəsna olaraq izah etməlidir”.

 

Millət vəkili Rəşad Mahmudov bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə nəzərdə tutulan cərimələri düzgün hal saymır. O deyib ki, dünyada bu gün vitamin preparatlarının əksəriyyəti, antibiotik xəstəyə reseptsiz verilə bilməz:

 

“Lakin xəstəyə ehtiyac olduğu təqdirdə vitamin azlığına görə, multivitamin kompleksi verilir. Bu da bioloji fəal maddələr qrupuna aiddir. Bu maddələrin yazılmasına görə həkimə əngəl qoyulması düz deyil. Uzun illər təcrübəsinə malik həkim istədiyi dərmanı yazmaq rahatlığına sahib olmalıdır. 150-200 manat maaş alan həkimə yenidən 250 manatlıq cərimə etməklə problemləri həll etmək olmaz”.

 

Ə. Əmiraslanov isə deputata cavab olaraq bəzən əsas müalicənin kənarda qaldığını, amma 2-3-cü dərəcəli preparatların ön plana çıxdığını vurğulayıb:

 

Bəzən bioloji aktiv maddələrin qiyməti dərman vasitələrindən daha baha olur. Biz bioloji aktiv maddələrin əleyhinə deyilik. Sadəcə həkimlərin bu maddələrin reseptə yazılmasının arxasında başqa məqsədlər durur. Məsələn, xəstə müalicə olunmaq üçün həkim yanına gəlir, həkim onu müalicə edəcəyini deyir. Amma xəstə müalicə edildikdən iki il sonra yenidən həkim yanına gəlir və görür ki, onun bədənində metastaz yaranıb. Belə hallar az deyil”.

 

Gündəlikdə müzakirə olunan məsələyə millət vəkili Sədaqət Vəliyeva da münasibət bildirib:

 

"Vərəmli xəstəyə bioloji aktiv maddələrin qəbulunu məsləhət görürlər, hansı ki, pasiyent bu xəstəliyin müalicəsi ilə bağlı vərəm əleyhinə dərmanlar qəbul etməlidir".

 

Millət vəkili Qənirə Paşayev bəzi dərman preparatlarının qiymətinin digər ölkələrlə müqayisədə bahalığına diqqət çəkib.

 

"Türkiyədə səfərdə olanda məndən bir nəfər "Heloda" adlı dərman preparatı almamı xahiş etdi. Gələndə maraqlandım ki, bunu niyə Bakıdan almırsınız , cavabı bu oldu ki, bu, onkoloji dərmandır və Bakıda qiyməti 500 manatdır. Türkiyədə isə qiymət 120 dollardır".

 

İclasda həmçinin, İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik layihəsi müzakirə olunub.

 

Belə ki, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə, vəzifəli şəxslər 50 manatdan 100 manatadək, hüquqi şəxslər isə 150 manatdan 200 manatadək cərimə ediləcək.

 

Müzakirə olunan məsələlər parlamentin plenar iclasına tövsiyə olunub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR