Moskvada gərgin danışıqlar: Lavrov amerikalı jurnalisti acıladı

Moskvada ABŞ dövlət katibi Reks Tillersonla Rusiyanın xarici işlər naziri arasında görüş olub. APA TV-nin məlumatına görə, Rusiya paytaxtında ilk dəfə bir araya gələn diplomatlar birinci növbədə Suriya məsələsini müzakirə edib.

Sergey Lavrov Suriyanın Şayrat aviabazasına endirilən zərbələri beynəlxalq hüquqa zidd adlandırıb və bunun təkrarlanmayacağına ümid etdiklərini dilə gətirib.

Rus diplomat bu məsələdə ən qısa zamanda Ağ Evdən açıqlama gözlədiklərini bildirib.

Dövlət Departamentinin rəhbəri isə Rusiya ilə müzakirələrə daim açıq olduqlarını vurğulayıb.

Bu arada görüşdən əvvəl Sergey Lavrovun amerikalı jurnalistlərə kobud cavablar verdiyi bildirilir. Bir müxbirin "Siz doğrudanmı Əsədi dəstəkləyirsiniz? Ağ Evin açıqlamalarını necə şərh edərsiniz?" sualına o, "Sizi kim hazırlayıb, bura göndərib?" deyə cavab verib.

Kreml rəsmisi Dmitri Peskov prezident Vladimir Putinin də Reks Tillersonla görüşəcəyini istisna etməyib. Bundan əvvəl isə Putinin bu görüşə razılıq vermədiyi qeyd edilib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə Lavrov və Tillersonun Suriyada uçuşlar üçün qadağan olunmuş bölgələr barədə danışıqlar aparacaqlarını deyib.

Ryabkov ABŞ-ın Suriya planının onlar üçün aydın olmadığını və Vaşinqtonun açıqlamalarını primitiv dəyərləndirdiklərini bildirib.

Bundan əlavə diplomatların Ukrayna və Şimali Koreya məsələlərini də müzakirəyə çıxaracaqları qeyd olunur.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR