"Sovetski"də sökülən məscidlər QMİ-də qeydiyyatdan keçməyib - HACI ALLAHŞÜKÜR PAŞAZADƏ

"Mən bir din xadimi olaraq hər hansı məscidin sökülməsinə tərəfdar deyiləm". Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Bakının "Sovetski" ərazisində iki məscidin sökülməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, bu məscidlərin heç biri QMİ-də qeydiyyatdan keçməyib: "Mən heç o məscidlərin yerini belə tanımıram. Əgər söhbət ümumiyyətlə məscidlərin sökülməsindən gedirsə, əlbəttə mən bunun tərəfdarı deyiləm. Lakin bütün dünyada da qəbul olunub ki, xalq üçün əhəmiyyətli işlər görülərkən, məsələn, yol çəkilərkən və digər işlər həyata keçirilərkən bu işlər məqsədli şəkildə, danışıqlar yolu ilə həyata keçirilir. Mən bu barədə fikrimi aidiyyəti qurumlara da çatdırmışam".

 

Qeyd edək ki, "Sovetski"də Hacı Əbdülrəhimbəy Qulubəyov məscidi artıq sökülüb, Hacı Cavad məscidinin isə sökülməsi nəzərdə tutulur.

 

Bundan başqa Şeyx ermənilərin işğal etdikləri Şuşa şəhərində məscidlərdə qazıntı bərpa işləri aparmasına da münasibət bildirib. Onun sözlərinə görə, ermənilər bu işə təxribat məqsədilə əl atıblar: "Məscidi əqidəyə görə bərpa edərlər, axı ermənilərin əqidəsi yoxdur. Bu məsələ MDB Dinlərarası Şurasında Moskva və bütün Rusiyanın Patriarxı II Kiril və bütün ermənilərin katolikosu II Qareginlə müzakirə olunacaq. Gələcəkdə ola bilsin bizim üçlükdə görüşümüz olsun. Bizim görüşümüzü təşkil etmək üçün xüsusi komissiya yaradılıb. Görüş üçün işlər gedir. Biz ermənilərin bu addımına etiraz edirik".

 

Qeyd edək ki, bu gün Bakıda Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondunun təşkilatçılığı ilə “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

Şeyxülislam Hacı Allahşükür Paşazadə qeyd edib ki, ölkədə Multikulturalizm, ardınca İslam Həmrəyliyi illərinin elan olunması təqdirəlayiqdir: “Bu, Azərbaycanın beynəlxalq nüfuzu üçün zəfərdir".

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, dünyada hətta atom nüvə silahına malik olan islam dövlətləri var, amma bu missiyanı, İslam Həmrəyliyini Azərbaycan öz üzərinə götürüb:  “Su İslam Həmrəyliyi Oyunları üçün simvol seçilib. Su islamda aydınlıq, yanan odu söndürmək deməkdir". 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR