60 yaşlı qadın plomblu qaz sayğacına daxildən necə müdaxilə edə bilər? - "Azəriqaz"ın "kəşfi"
"G-4" markalı "Smart" kart tipli qaz sayğaclarının quraşdırılması Azərbaycan üçün mövcud yeniliklərdən biridir. Mexaniki qaz sayğaclarının yeni "Smart" sayğaclarla əvəzlənməsinə illərdir başlanılıb, lakin abonentlərin bu sahədə yaşadıqları problemlər bitib tükənmir.
Bakı sakini Pakizə Kərimovanın Nərimanov rayon, Şahin Mustafayev 27/301-ci mənzilinə 2016-cı ilin noyabr ayında yeni qaz sayğacı quraşdırılıb. Elə problemlər də bundan sonra başlayıb. Yeni sayğacın quraşdırılmasından sonra abonentə xəbərdarlıq gəlib ki, onun köhnə sayğaca müdaxilə etməsi nəticəsində 463 manat məbləğində borcu yaranıb.
"Sayğac açıldı, bizə akt verdilər. Köhnə sayğac üçün tərtib olunan aktda heç bir problemin olmadığı da sənədlə təsdiqlənib. Yeni sayğac quraşdırıldıqdan təxminən dörd ay sonra xəbərdarlıq gəldi ki, sizin üçün akt yazılıb. Xəbərdarlıqda isə bildirilir ki, guya biz köhnə sayğaca müdaxilə etmişik, sayğacın gövdəsi abonent tərəfindən deşilib. Köhnə sayğac söküləndə plombu üstündə olub, sökülüb aparılarkən də sayğacda heç bir problemin olmadığı bildirilib. Plomblu cihaza necə müdaxilə etmək olar? Əgər bu, mənə və ailə üzvlərimə sübut olunsa, biz bu cəriməni ödəməyə hazırıq".
Yaranmış problemin həlli üçün abonent Pakizə Kərimova ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyinə müraciət edib.
Birlikdən vətəndaşa bildirilib ki, mənzillərdə quraşdırılan sayğaclara kənar müdaxilələr olanda, həmin sayğaclardan mərkəzi informasiya bazasına siqnal ötürülür. Üstəlik, bu sayğaclar normal işləmir və ya fəaliyyətini dayandırır.
"2311 kub qazın cəriməsi yazılıb bizə. Cərimə 2016-cı ildə yazılmasına baxmayaraq mənə kubu 20 qəpikdən, yəni yeni tariflə ödəmək hesablanıb. 463 manat cərimə hesablanıb. “Azəriqaz” İstehsalat Birliyinin Layihə Konstruktor Bürosuna yazılı müraciət etdim. Babək prospektindəki idarəyə, dedilər ki problemin həlli bizlik deyil. Oradan məni laboratoriyaya göndərdilər. Laboratoriyadan isə bildiriblər ki, aktı biz göndərməmişik. Müxtəlif instansiyalara müraciət etsəm də, problemin həllinə aydınlıq gətirən yoxdur".
Təqaüdcü, ikinci qrup əlil Pakizə Kərimova 4 nəfərlik ailə üzvü ilə birgə 60 kvadratmetrlik mənzildə yaşayır.
"Bilirsiniz, üstündə plombu olan cihaza əl ilə heç cür müdaxilə etmək olmaz. Üz tutduğum bütün idarələrdə, hətta “Azəriqaz” İstehsalat Birliyinin Layihə Konstruktor Bürosunun ərizələr şöbəsində belə mənim nümunəvi abonent olduğumu bildiriblər".
Problemin həlli ilə bağlı abonentlə birgə üz tutduq “Azəriqaz” İstehsalat Birliyinin Layihə Konstruktor Bürosuna.
Qurumdan şifahi olaraq bildirdilər ki, sayğaca müdaxilə faktının təsdiq edilməsi barədə yerli qaz istismar sahəsi tərəfindən müvafiq akt tərtib edildikdə, yaxud müvafiq qurumun yazılı rəyi verildikdə sayğaca müdaxilə nəticəsində “Azəriqaz” İB-yə dəymiş ziyan abonent tərəfindən ödənilir.
Məsələyə Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayevin də münasibətini öyrəndik.
"Nərimanov rayon sakini Pakizə Kərimovanın Azəriqaz” İstehsalat Birliyinə məsələ ilə bağlı müraciəti tərəfimizdən araşdırılıb. Məktubda qeyd olunur ki, sayğac dövlət yoxlamasına göndərilib. Dövlət yoxlamasından rəy gəldikdən sonra 2311 kubmetr itirilmiş qazın dəyəri abonentdən tələb olunur. Abonent itirilmiş qazın dəyərini ödəməlidir".
O ki, qaldı köhnə sayğacın problemsiz olması haqqında vətəndaşa verilən rəsmi akta, İbrahim Kərbalayev qeyd edib ki, cihaza müdaxilə vizual olaraq görünməyə bilər. Amma bu o demək deyil ki, sayğac saz vəziyyətdədir. Hesablanan borcun hansı tariflə ödənilməsinə gəlincə...
"Tarif Şurasının qərarına əsasən 2017-ci il yanvar ayının 1-dən etibarən əhali istehlakçıları üçün istifadə olunan təbii qazın dəyəri 1700 kub təbii qazın dəyəri 10 qəpiklə, yerdə qalan hissəsi 20 qəpiklə hesablanır. Hətta borc köhnə olsa belə, abonentin borcu əvvəlki dövrə aiddirsə, o bunu 2016-cı ilin son gününə kimi ödəməli idi. 2017-ci ildə ödənilən borc Tarif Şurasının yeni qərarı ilə hesbalanır".
Qurumdan onu da bildirdilər ki, narazılıqla bağlı abonent məhkəməyə müraciət edə bilər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır