Səlim Müslümov: "Rüblük hesabatın təqdimatında gecikmə olarsa, cərimə məsələsinə baxacağıq"
Bu ilin aprelindən tətbiq olunan yeni qaydalara görə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ları elektron imza kartından və ya mobil imzadan istifadə etməklə təqdim olunmalıdır. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Sistemə keçiddə yaranan problemə toxunan nazir qeyd edib ki, bu cür proseslərdə çətinliyin olması normaldır.
"Hər bir prosesə keçid çətin olur. Amma biz bu sistemə keçməliyik. Bildiyiniz kimi, Milli Məclisdə "Əmək pensiyaları haqqında" qanuna müvafiq dəyişiklik edilib. Artıq əmək pensiyası hər bir şəxsin ancaq onun fərdi hesabında yığılan vəsaitə görə müəyyən ediləcək. Artıq baza hissəsi yoxdur. Hər hansı ümumi həmrəylik elementinə əsaslanan əmək pensiyasının tərkibi elementləri yoxdur. Ona görə də əgər əvvəllər iki ayrı hesabat verilirdi. Bunun biri məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənməsinə aid idi, biri isə həmin ödənmiş sosial sığorta haqlarının ayrı-ayrı şəxslər arasında bölgüsünə aid idi. Burada isə problemlər yaranırdı. Bu gün çox böyük vəsait var ki, bölünməyərək ümumi hesablarda qalıb. Çünki onlar bir-biri ilə düz gəlmirdi. Amma indi vahid hesabat prinsipinə keçilir. Yəni ayrı-ayrı işəgötürənlər məcburi dövlət sosial sığorta haqları barədə hesabat təqdim edəndə artıq həmin hesabatın içində həm də orada çalışan insanlar üzrə onun bölgüsü olacaq. Artıq burada bir qəpik də olsun kənarlaşma ola bilməz.
Nazir əlavə edib ki, böyük ödəyicilərin əvvəldən də elektron imzası var idi. O ki qaldı kiçik ödəyicilərə (işçisi olmayan), onlar "Elektron hökumət" portalına daxil olaraq oradan xüsusi istifadəçi adı ilə şifrə öz hesabatlarını təqdim edə bilərlər. O, bildirib ki, aprelin 20-dək I rüb üzrə hesabatların təqdim edilməsində problem yaşanarsa və bu səbəbdən yubanma olarsa, cərimələrin tətbiqi məsələsinə ayrıca baxılacaq.
"O ki qaldı aprelin 20-dək hesabatın təqdim edilməsinə, mən bir daha vurğulayıram ki, qeyd edilən səbəblərdən hesabatların verilməsi ilə bağlı problem yaranarsa, biz cərimələrin tətbiqi məsələsinə ayrıca baxacağıq. Bu gün əsas məsələ hesabatların vahid formada təqdim olunması və kənarlaşmanın olmamasıdır. Əgər hər hansısa bir sığortaedən orada çalışan 15 işçiyə görə 100 min manat sosial sığorta haqqı ödəyibsə, həmin 15 işçi üzrə bunun bölgüsünü həmin hesabatın içərisində göstərməlidir. Bu gün bizim məlumat bazamızdakı rəqəmlər göstərir ki, əvvəlki illərdə böyük məbləğdə ödənmiş sosial sığorta haqları bu günədək bölüşdürülməyib. Amma insanlar pensiyaya çıxanda artıq hesablarındakı vəsaitə uyğun pensiya alacaqlar. Hətta hüququ da staja görə deyil, hesablarındakı vəsaitə görə əldə edəcəklər. Ona görə də bundan sonra bu, mütləq şəkildə vahid hesabat formasında təqdim edilməlidir".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır