Prezident: "2017-ci il bizim üçün uğurlu il olacaq"
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
APA TV-nin məlumatına görə, iclasda çıxış edən dövlət başçısı bu ilin birinci rübündə ölkəmizdə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini deyib. Prezident İlham Əliyev qeyd edib ki, 2017-ci il bizim üçün uğurlu il olacaq. Dövlət başçısı beynəlxalq vəziyyətin gərgin olduğunu, münaqişələrin davam etdiyini, yeni risklərin yarandığını təəssüflə qeyd edib, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görüldüyünü söyləyib.
Dağlıq Qarabağ münaqişəsinin həllinin cari ilin birinci rübündə də diqqət mərkəzində olduğunu, Ermənistanın danışıqları dayandırmağa çalışdığını, amma buna nail ola bilməyəcəyini deyən prezident İlham Əliyev bildirib ki, Minsk Qrupunun həmsədr ölkələri bir neçə dəfə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Dövlət başçısı vurğulayıb ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti qınaq obyektinə çevrilib.
Prezident İlham Əliyev ermənilərin Dağlıq Qarabağda qondarma “referendum”u keçirməklə özlərini bir daha biabır etdiyini vurğulayıb. Dövlət başçısı məsələ ilə bağlı ölkəmizin digər uğurunun Dağlıq Qarabağa qanunsuz səfər etmiş, xaricdə saxlanılan əcnəbi vətəndaşın bütün dünyanın gözü qarşısında Azərbaycana təhvil verilməsinin olduğunu qeyd edib. Prezident İlham Əliyev əminliklə bildirib ki, bu, həm bizim qanunlarımızı kobudcasına pozan şəxsə, həm də onun kimilərinə dərs olub.
Cocuq Mərcanlı kəndinin bərpasını da tarixi hadisə adlandıran dövlət başçısı bu gün orada yeni qəsəbənin salındığını, ilkin mərhələdə 50 evin tikildiyini, yeni yolun salındığını, məscidin inşa olunduğunu, sonrakı mərhələdə daha 150 evin tikintisinin nəzərdə tutulduğunu qeyd edib. O vurğulayıb ki, bu, bir daha Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etdikdən sonra bütün şəhər və kəndləri yenidən quracağını nümayiş etdirir.
Bu göstəricilərin iqtisadi inkişafımızı aydın əks etdirdiyini, gələcəkdə də iqtisadi potensialımızı gücləndirəcəyimizi deyən prezident İlham Əliyev birinci rübdə 85 min yeni iş yerinin yaradıldığını da diqqətə çatdırıb. Yeni iş yerlərinin yaradılmasının təkcə dövlət sektorunda deyil, özəl sektorda da davam etdiyini, özəl sektorda 40 mindən çox yeni iş yerinin yaradıldığını deyən dövlət başçısı bunu iqtisadi inkişafın təzahürü adlandırıb.
Dövlət başçısı bu ilin birinci rübündə turistlərin ölkəmizə səfərində 25 faiz artımın olduğunu qeyd edərək, bunu Azərbaycanda mövcud olan sabitlik, yaradılan müasir infrastruktur, ölkəmizdəki 6 hava limanı, gözəl yolların, otellərin inşası, müalicəvi turizmin inkişafı ilə əlaqələndirib. O bildirib ki, 3 ay ərzində "ASAN viza" xətti ilə 40 min viza verilib. 80-dən çox ölkə vətəndaşı elektron vizalar alır. Bu gün Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu deyən prezident İlham Əliyev gələn ay ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini deyib və bunun böyük idman bayramı olacağını vurğulayıb.
Sonra müdafiə sənayesi naziri Yavər Camalov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev çıxış etdilər.
İclasa yekun vuran prezident İlham Əliyev 2017-ci ilin ilk aylarının yaxşı nəticələrlə yekunlaşdığını bildirib. Maliyyə vəziyyətimizin yaxşı olduğunu bildirən dövlət başçısı valyuta ehtiyatlarımızın xarici borcumuzdan 5 dəfədən çox olduğunu söyləyib və bunu yaxşı nəticə adlandırıb. Mikrorayonlarla bağlı da layihənin icra ediləcəyini deyən prezident İlham Əliyev binaların birinci mərtəbələrində uşaq bağçalarının inşa edilməsini tapşırıb və bu yolla da uşaq bağçası probleminin həll ediləcəyini söyləyib.
“Sovetski” adlanan ərazinin abadlaşacağını, yeni gözəl istirahət məkanının yaradılacağını qeyd edən dövlət başçısı sosial-infrastruktur layihələrinin icra olunduğunu, modul tipli 3 məktəbin tikildiyini, əlavə 12 belə məktəbin inşasının nəzərdə tutulduğunu söyləyib.
Bu il Quba və Mingəçevirdə "ASAN xidmət" mərkəzlərinin açılacağını deyən prezident İlham Əliyev Şəki və İmişlidə də belə mərkəzlərin binalarının tikintisinin aparıldığını diqqətə çatdırıb.
Sonda dövlət başçısı bu ilin sonuna qədər müsbət dinamikanın saxlanılmasının vacibliyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır