Stalin, Tetçer və Qandiyə özəl kürülər hazırlayan balıq kombinatından REPORTAJ
1841-ci ildə Neftçalanın Bankə qəsəbəsində fəaliyyət göstərən bu balıq kombinatına Mailov qardaşlarından sonra tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev sahib çıxıb. Bina respublika əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınıb.
XIX əsrin əvvəllərində indiki Tataraməhlə kəndi ərazisində o zamanın sənədlərinə görə "Boji promısel" (Allah mədəni) kimi təqdim olunan məşhur balıqçılıq müəssisəsi fəaliyyət göstərib. Tacirlər burada duzlanmış balığı və emal olunmuş kürünü Kürdən Xəzərə gəmilər vasitəsilə daşıyırdılar. Bu müəssisə Həştərxandan gəlmiş hindistanlı Sobra Maqundas tərəfindən 10 il müddətinə icarəyə götürülür. Burada qulluqçular üçün tikilmiş binalar, xəstəxana, balıqçılıq ləvazimatları satılan mağaza və sairdən ibarət olan şəhərcik var idi. 1826-27-ci il Qacar-Rusiya müharibələri zamanı vətəgə dağıdılıb və Sobra Maqundas bu işdən əl çəkib. 19-cu əsrin ortalarında vətəgədə dəhşətli yanğın baş verir və bu səbəbdən bütün vətəgələr öz inzibati idarə, yaşayış sahələri ilə birlikdə Bankə qəsəbəsinə köçürülür. "Boji promısel" 1841-ci ildə öz iqtisadi funksiyasını Bankə Balıq Kombinatına verir.
Beləliklə, Bankədə balıqçılıq sənayesinin vüsəti "Boji Promısel"in tənəzzülündən sonra başlayır.
Vaxt keçdikcə burada kiçik buzxanalar, soyuducu anbarlar yaradılır, su çənləri tikilir. Balıqçılıq üçün lazım olan bütün avadanlıqlar bu dövrdə gəmi ilə Həştərxandan gətirilir.
Bankə qəsəbəsindəki vətəgələri Hacı Zeynalabdin Tağıyev uzun müddətli icarəyə götürür. 1898-ci ildə Bankə Balıq Kombinatının inzibati binası inşa edilir.
Bu bina Azərbaycanda Sovet hakimiyyəti qurulanadək Tağıyevin, sonradan isə Sergey Kirovun adını daşıyır. Kombinat fəaliyyəti dövründə istehsal etdiyi balıq və kürüsü ilə bütün dünyada məşhur olur. Deyilənlərə görə, vaxtilə Bankə qəsəbəsindən xüsusi olaraq qablaşdırılmış kürülər özəl hədiyyə kimi Stalin, Qandi, Tetçer kimi dünya liderlərinə göndərilib.
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra kombinat 1996-cı ilə kimi fəaliyyət göstərib. Tarixi bina uzun müddət baxımsız qaldığından indi uçmaq təhlükəsi ilə üz-üzədir.
Qəsəbədə 19-cu əsrin ortalarında Bankə balıq vətəgəsi xəstəxanası da istifadəyə verilib. 1850-ci ildə isə onun nəzdində Azərbaycanda ilk aptek yaradılır. Aptek bu günə kimi də fəaliyyət göstərir.
Məhşur mesenat Hacı Zeynalabdin Tağıyevin çoxsaylı balıq vətəgələrindən biri olan Bankə balıq kombinatında indi milyonçu Hacını xatırlayan yalnız onun orada qalan tənha büstüdür. Əsas konstruksiyaları və fasadı taxtadan olan kombinatın tarixi abidə kimi bərpası isə qeyri-mümkün hesab edilir.
Qeyd edək ki, Kür çayının sol sahilində, Cənub-Şərqi Şirvan düzündə yerləşən, qara kürüsü ilə məşhur olan Bankə qəsəbəsi adının mənşəyi də maraqlıdır. "Bank" və ya "banka" sözü Hind-Avropa mənşəlidir, "sahil", "dayaz yer", "kicik boğaz" mənası ifadə edir. "Bankə" həmin sözün yerli tələffüzə uyğunlaşdırılmış variantıdır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır