"Nar bağı"nda kütləvi "razborka": 5 nəfər bıçaqlandı

Cəlilabadda kütləvi dava olub. Hadisə zamanı 5 nəfər bıçaqlanıb.

 

APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, kütləvi dava Cəlilabadda "Nar bağı" deyilən ərazidə baş verib.

Rayon sakinləri Amid Möhsümov,  Bəhruz və Pərviz Sahiboğlu qardaşları, Ruslan Əliyev və Asəf Yaqubov 10  nəfərdən  artıq olduğu bildirilən bir qrup şəxs tərəfindən onlara  telefon zəngi ilə "Nar bağı"na çağırılıblar. Tərəflər arasında baş verən mübahisə əlbəyaxa davaya çevrilib. Kütləvi dava zamanı  adları çəkilən şəxslərə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Zərərçəkənlərin yaxınları hadisəni belə xatırlayır.

 

Zərərçəkənlərin qohumları hadisənin təfərrüatını danışıblar: "Maşında bir yerdə gəldik, məscidin qabağına qədər, iki-üç dəfə zəng gəldi. Sual verdim, hara gedirsiniz? Dedi Petrovkada işimiz var. Mən evə çatdım, yarım saat sonra qardaşım zən elədi ki,  uşaqlar Biləsuvar xəstəxanasındadır, vəziyyətləri ağırdır, bıçaqlanma olub".
 

Zərərçəkənin atası hadisənin detallarından xəbəri olmadığını deyib: "Mən həyətdə işləyirdim, gördüm oğlum Amid qapıya qaçdı. Hara getdiyini soruşdum, heç nə demədi. Üstündən bir saat keçdi, polis zəng elədi ki, belə bir hadisə olub, qurudum qaldım. Sonradan Amidə nə qədər zəng elədim zəng çatmadı".

 

Yaralılar Biləsuvar Mərkəsi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilk tibbi yardım göstərilib:

 

Həkim Əliqismət Əliyev yaralılardan birinin vəziyyətinin ağır olduğunu deyib: "Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə 5 nəfər bıçaqlanma - bədənin muxtəlif nahiyələrinə xəsarətlərlə daxil olub .Onlardan dördünün xəsarəti yüngül olduğundan ambulator yardım alaraq evə buraxılıb, bir nəfərin -  Əliyev Ruslan Akif oğlunun xəsarəti ağır olduğundan dərhal təcili cərrahiyyə əməliyyatına götürülüb".

 

Hazırda hadisəni törədənlərin tapılıb saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı  Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR