Şəhid Zakir Cəfərovun "Şücaətə görə" medalı ailəsinə təqdim olundu

Fevralın 25-də cəbhədə gedən döyüşlərdə Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Cəfərov Zakir Nazim oğlunun ailəsinə “Şücaətə görə” medalı təqdim edilib.

 

Mərasimdə Müdafiə Nazirliyinin ehtiyatda olan polkovniki Abdulla Qurbani, general-mayor Rasim Əliyev, Nizami rayon icra Hakimiyyətinin başçısı Arif Qasımov, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Abdulla Qurbani yeni təsis olunmuş medalın ilk dəfə Zakir Cəfərova təqdim olunacağını deyib: "Orden və medalların təsis edilməsi haqqında qanuna dəyişiklik edildi. Prezident bu medalın əsasnaməsini və onun təsvirini təsdiq etdi.  Həmin medalın ilk nüsxələri bu gün təqdim olunur".

 

Medal şəhid Zakir Cəfərovun qardaşı Camala təqdim edilib.

 

Şəhidin ailəsi göstərilən diqqətə görə minnətdarlıq edib, Zakirlə fəxr etdiklərini bildiriblər.

 

Anası Kəmalə Abdullayeva bu gün şəhid oğlunun 40 mərasimi olduğunu xatırladıb: Çox sağ olsunlar. Zakir çox vətənpərvər, ürəkli,  qorxmaz, mərd, dostcanlı, hamı üçün ürəyini verən bir oğul idi".

 

Camal Cəfərov şəhid qardaşı ilə fəxr etdiyini deyib: "Qardaşım  həyatda olduğu kimi hərbi xidmətdə də, öz mərdliyini, şücaətini,  igidliyini göstərdi. Bizə bu fəxri yaşatdı. Nə qədər pis olsaq da, nə qədər ürəyimiz yansa da, qardaşımla fəxr edirəm. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə getməyə və qardaşımın qanını yerdə qoymamağa hazıram".  

 

Şəhidin dayısı Vüqar Abdullayev Zakirin ölümünün onlar üçün ağır itki olduğunu bildirib: "Çox ağır itkidir.  Heç barışa bilmirik. Sağ olsun, hökumətimiz qiymət verdi. Onun haqqında danışmaqla bitməz".

 

Qeyd edək ki, bu gün şəhid Zakir Cəfərovun torpağa tapşırılmasından 40 gün ötür. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR