Əli Əhmədov müxalifətin mitinqinə münasibət bildirdi

"Bəzi siyasi qüvvələr Azərbaycanda sabitliyi pozmaq üçün əllərindən gələni edirlər. Çox məmnunam ki, əllərindən çox şey gəlmir, çox şeyi bacara bilmirlər". APA TV-nin məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini Əli Əhmədov müxalifətin bu gün “Məhsul” stadionunda keçirəcəyi mitinqə münasibət bildirərkən deyib.

 

"İnsanlarımız onların sabitliyə qarşı çevrilmiş əməllərinə dəstək vermir. Buna görə də onların keçirdikləri aksiyalar zəif alınır. Mitinqlər, sabitliyi pozmaq cəhdi bütövlükdə Azərbaycanın dövlətçiliyinə və insanlarımızın sabitliyinə qarşı çevrilmiş addımlardır. Onların bu günə qədər cəhd etdikləri addımlar puça çıxdığı kimi, bu gün də puça çıxacaq”.

 

Azərbaycanda siyasi partiyalarda təmsil olunan insanlarda iki növ məfkurə olduğunu deyən Əli Əhmədov vurğulayıb ki, bunlardan biri dövlətçilik məfkurəsidir ki, bunu YAP-ın timsalında görmək olar.

 

"Bu gün Azərbaycan vətəndaşlarını düşündürən ölkədəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılmasıdır, ölkədə həyata keçirilən islahatlara töhfə verməkdir. Biz indi çox narahat bir dünyada yaşayırıq.  Azərbaycandan çox da uzaq olmayan ölkələrdə baş verənləri hər kəs görür. Ona görə də hər bir vətəndaşı düşündürən odur ki, ölkəmizdəki sabitlik qorunub saxlanılsın, Azərbaycan bu narahat dünyada rahat həyatını qoruyub saxlaya bilsin”.

 

Digər məsələnin ölkənin iqtisadi inkişafının sürətləndirilməsi olduğunu bildirən baş nazirin müavini qeyd edib ki, prezident İlham Əliyev tərəfindən dərin islahatlar həyata keçirilir və bu fəaliyyət yaxın zamanlarda öz müsbət nəticəsini verəcək. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR