Aprel döyüşlərinin iştirakçısı: "General Bərxudarov da bizimlə birgə döyüşə girdi" - QƏHRƏMANLAR

Aprel döyüşlərinin həyəcanını bizə yaşadan təkcə Vətən uğrunda şəhid verdiyimiz övladlarımız deyil. Bu döyüşlərdə hünər göstərərək qazi ünvanına yüksələn igidlərimiz aprel əməliyyatlarının canlı şahidləridir. Onlardan biri döyüşlərdə sol ayağını itirən gizir Orxan Əliyevdir.

 

Orxan 2011-ci ildə  Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunu bitirib. Zirehli texnika üzrə mütəxəssis olan 26 yaşlı gizir 2013-cü ildən cəbhə bölgəsində xidmət edib. Ötən il erməni işğalçıların Tərtər istiqamətində torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən qazi olan Orxan Əliyev bu gün də Vətən torpağı uğrunda canından keçməyə hazırdır.

 

"Biz Lələtəpənin sol cinahından dörd istiqamətdən hücuma keçdik. Bölük komandirimiz Mansur Şükürov,  tabur komandiri Mahir Qasımov, briqada komandiri, polkovnik Eldəniz İmaməliyev və korpus komandiri, general-mayor Mais Bərxudarov bizimlə bərabər hücumda iştirak edirdi. Biz orada elə bir taktiki döyüş yerinə yetirməli idik ki, Azərbaycanla həmsərhəd olan ölkələrin sərhədlərinə heç bir ziyan vurmayaq. O əməliyyatda düşmənin ağır texnikasını güclü məğlubiyyətə uğratdıq.  Düşməni geriyə oturmağa məcbur etdik".

 

Bu əməliyyatdan sonra Azərbaycan ordusu işğaldan azad etdiyi ərazilərdə mövqelərini möhkəmləndirməyə nail olur.

 

"Azərbaycan ordusunda yüksək döyüş taktikası gerçəkləşdirə bilən generalların olduğunu da anladılar. General mayor Mais Bərxudarov və briqada komandiri  Eldəniz İmaməliyev əsgərləri elə motivasiya etmişdi ki,  döyüş vaxtı düşmənin güclü strateji mövqeləri məhv eləmək üçün verdiyi tapşırıq, bizə verdikləri mənəvi dayaq, keçdiyimiz psixoloji hazırlıqlar düşmən üzərində qələbə ilə nəticələndi".

 

Aprel döyüşlərində sol ayağını itirən 26 yaşlı gənc gizir deyir ki, döyüşlərin qızğın vaxtında yaralanmasına baxmayaraq, qaynar nöqtədən qayıtmaq istəməyib.

 

"Qızğın döyüşlərin dördüncü günü yaralandım, həmin zaman biz texnikaların yerini dəyişən zaman düşmən bizi mina və artilleriya atəşinə tutdu. Dağlıq ərazi olduğundan qızğın döyüşlər gedə-gedə texnikanın yerini dəyişmək çox çətin idi. Ağır yaralandım. Mənə polkovnik Elşən Qarayev köməyə gəldi. Yaralılar təxliyə olundu. O qədər təhlükəli zona idi ki, oradan yaralıları çıxarmaq özü də bir taktika tələb edirdi".

 

Orxan deyir ki, bu gün də Azərbaycan əsgəri hər an döyüşə hazırdır, həm yüksək əhval-ruhiyyə ilə.

 

"Azərbaycan əsgəri ordumuzun gücünü, qüvvəsini hər zaman isbatlamağa hazırdır. Aprel döyüşlərində də belə idi. Biz bu amalla döyüşə başlamışıq. Düşmən məğlub edilməlidir".

 

Qeyd edək ki, Orxan Əliyev ailəlidir, bir oğul övladı var. Sağlamlığını itirməsinə baxmayaraq, Vətənin müdafiəsinə həmişə hazırdır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR