Ayətullah: "ABŞ-ın Suriyanı bombalaması ağılsızlıqdır"

ABŞ-ın Əsəd bazalarına aviazərbələr endirməsinə ən kəskin tənqid İran tərəfindən səsləndirilib. APA TV-nin "Euronews"a istinadən məlumata görə, ölkənin  ən məşhur din xadimlərindən biri bu addımı "dəlilik" adlandırıb.


Ayətullah Məhəmməd İmami Kəşani çıxış etmək üçün kürsüyə yaxınlaşdıqda kütlə "Amerikaya ölüm!" şüarları səsləndirməyə başlayıb: "ABŞ ağlını itirib, Suriyaya yönəlmiş raket zərbələri, edilən cinayət əvvəllər də törədilib. Kimyəvi silahı da terrorçulara məhz amerikalılar verib".

Onun çıxış kütlə tərəfindən dəstəklənib.

Tehran sakinləri də ABŞ-a nifrət etdiklərini gizlətmir: "Bu onu göstərir ki, Amerika İrana və Şimali Koreyaya hücum etmək əzmində deyil. Onlar bu acığı 5 ildir müharibədən əziyyət çəkən ölkəni, həmçinin Suriya hakimiyyətinin mövqelərini bombalamaqla çıxır. ABŞ Suriyanın zəifləməsindən istifadə edib, onun xəritədən silinməsini arzulayır".

İraqda da ABŞ-ın aviazərbələri qəbulolunmaz hesab edilib: "Bu, münaqişə çərçivəsində bir tərəfin digərinin üzərində hökmranlığına və terrorçuluğun vüsət almasına gətirib çxaracaq" - deyə, ölkə parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin sədri Hakim əl-Zamili vurğulayıb. 

Misir paytaxtında baş verənlər qeyri-adi qarşılanmır. Qahirəlilər düşünür ki, ABŞ öz maraqları çərçivəsində hərəkət edir: "Amerikalılardan başqa nə gözləmək olar? Onların yeganə məqsədi Suriyanı işğal etmək və ölkənin var-dövlətini talamaqdır. Onlar suriyalılardan siyasi məqsədləri naminə istifadə edir".

Başqa bir şəhər sakini düşünür ki, ABŞ regionda güc nümayiş etdirir və rəqiblərini qorxudur: "Belə addımlar Suriya xalqına kömək məqsədilə atılmır. Bu, Bəşər Əsədin qərb ölkələrini nə qədər qıcıqlandırmasının göstəricisidir".

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR