Politoloq: "ABŞ-ın raket zərbələri İran və Rusiyaya təsirsiz ötüşməyəcək"

"ABŞ-ın Suriyaya raket zərbəsi endirməsi bu ölkədə baş verən hadisələri daha dramatikləşdirəcək". "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu ABŞ-ın Suriyanın hərbi aerodromuna raket zərbələri endirməsini APA TV-yə belə şərh edib. 

 

O bildirib ki, bu əməliyyatların keçirilməsi İran və Rusiyaya da öz təsirini göstərmiş olacaq: "Bu ölkələrin Əsəd rejiminə dəstəyinə görə bu gün Suriyada dramatik durum yaşanmaqdadır. Və ABŞ artıq konkret zərbələr endirmək taktikasına başlayıb. Suriyadakı proseslər hər hansı razılaşmaya, hər hansı uzlaşmaya gəlib çıxmaqdan çox uzaqdır. Bundan sonra Suriyada bir çox münaqişələrin yaşanmasının şahidi olacağıq. Bu təkcə Amerikanın məsələlərə daha aktiv şəkildə müdaxilə etmək istəyi ilə bağlı deyil".

 

Vüqar Zifəroğlu İdlibdə kimyəvi silahdan istifadə edilməsi barədə məlumatları real sayır: "Düşünmürəm ki, bu bir oyundur, yəni quraşdırılıb. Bundan əvvəl də istər Türkiyə, istər Qərb dəfələrlə Əsəd hökumətinin belə silahlardan istifadə etməsi ilə bağlı müəyyən informasiyalar verirdilər. Əslində Əsədin öz xalqına qarşı belə silahlardan istifadə etməsini gözləmək olardı". 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR