“Sovetski”də işlərin tamamlanacağı vaxt məlum oldu - ƏN SON GÖRÜNTÜLƏR

Bakının Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədə aparılan əsaslı yenidənqurma işlərinin 80 faizi yekunlaşdırılıb. Təzəpir məscidi ətrafındakı yollar 2 zolaqlı, digər yolların isə 3 və 4 zolaqlı olması nəzərdə tutulub.

 

Yenidən qurulan 440 metr uzunluğunda və genişləndirildikdən sonra eni 15 metrə çatan Balababa Məcidov küçəsində işlər tam olaraq yekunlaşdırılıb. Ərazidə yaşayan vətəndaşların rahatlığı üçün hərəkətin məhdudiyyəti müvəqqəti olaraq aradan qaldırılıb.

 

Uzunluğu 1825 metr, genişləndirildikdən sonra eni 15 metrə çatan Abdulla Şaiq küçəsində isə işlərin 90%-i bitib. Hazırda küçədə son tamamlanma işləri aparılır. Piyada səkilərinin tikintisi və küçənin "Statistika dairəsi"nə doğru birləşdirilməsi üçün aparılan asfaltlanma işləri yekunlaşmaq üzrədir.

 

Aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturunun yaradılması istiqamətində addımlar atılır.

 

Akademik Milli Dram teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev və Füzuli küçələrində də sürətlə işlər davam etdirilir. Küçələrin uzunluqları müvafiq olaraq 750 və 800 metr təşkil edir. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol genişləndirilərək 15 metrə çatdırılıb. Füzuli küçəsində işlərin 90%-i yekunlaşdırılıb.

 

Layihə çərçivəsində Füzuli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində yeni 2 hərəkət zolaqlı geri dönmə hissə yaradılır. Artıq burda da işlər bitmək üzrədir. Hazırda bu hissədə asfaltlanma işləri aparılır.

 

Aparılan işlərin mayın əvvəllərinə kimi yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub və iki növbəli iş qrafiki müəyyən edilib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR