Siyavuş Novruzov: "Ümumrusiya Azərbaycan Konqresini ləğv etmək cəhdi narazılıq yaradır"

Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanı Konqresinin fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciəti Milli Məclisdə etirazla qarşılanıb. Millət vəkili Siyavuş Novruzov bunun Rusiya ilə Azərbaycan münasibətlərinə ciddi xələl gətirmək istəyən qüvvələrin təhriki olduğunu deyib. Millət vəkili  Azərbaycanda 300-dən çox rusdilli məktəbin, Rusiya ali təhsil müəssisələrinin filiallarının fəaliyyət göstərdiyini xatırladıb:

 

“Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşularla yüksək səviyyədə müttəfiqlik münasibətindədir. Rusiya ilə həmişə münasibətlərə böyük diqqət veririk. Ona görə də ÜAK-ın ləğvi barədə qərar həm iki dövlət, həm də iki dövlətin vətəndaşları arasında narazılıq yaradır”.

 

Deputat Zahid Oruc da ÜAK-n qeydiyyatı ilə bağlı müraciətin iki dövlət arasındakı strateji münasibətlərə uyğun olmadığını və məsələnin öz həllini tapacağına ümid etdiyini bildirib.

 

ÜAK-ın bölgələrdə 74 şöbəsinin fəaliyyət göstərdiyini deyən millət vəlkili Elmira Axundova isə əlavə edib ki, təşkilat çoxlu sayda xeyriyyəçilik işləri həyata keçirib.

 

“Guya sənədlərdə texniki problem olub. Amma səbəb başqadır. Rusiyada yüzlərlə erməni təşkilatı var. Bu yaxınlarda Rusiyada “Bolşaya Armeniya”, “Novo Naxiçevanskie” təşkilatları peyda olub. Bütün bu qanunsuz əməllərə nədənsə Rusiyanın müvafiq orqanları göz yumur. Əminəm ki, burada da erməni izi var”.

 

Məsələyə münasibət bildirən Azərbaycandakı rus icmasının rəhbəri, deputat Mixail Zabelin ÜAK-ın bağlanmasının onları narahat etdiyini deyib. Deputat qeyd edib ki, Rusiya Ədliyyə Nazirliyinə müraciət hazırlanıb və  göndərilib.

 

"Azərbaycanda rus icması olduqca rahat və çox aktiv fəaliyyət göstərir. 16 000 tələbə burada rus dilində ali təhsil alır. Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti də həmişə qanunauyğun olub. Son həftə Rusiya Dövlət Dumasının deputatları ilə əlaqə saxlamışam. Bu məsələ bizi ciddi narahat edir".

 

Parlamentin Rusiya Dövlət Duması ilə dostluq qrupunun rəhbəri Əli Hüseynli isə vurğulayıb ki, ÜAK-a Rusiya Ədliyyə Nazirliyindən sənədlərin qaydaya salınması ilə bağlı üç dəfə müraciət olunub. Sonuncu dəfə 2016-cı ilin oktyabr ayında müraciət edildiyini deyən Əli Hüseynov əlavə edib ki, 2016-cı ilin dekabr ayında ÜAK-ın qurultayından sonra sənədlərdə düzəlişlərin edilməsinə başlanıb.

 

"Mən bir hüquqşünas kimi qeyd etməliyəm ki, Rusiya qanunvericiliyində sənədlərin düzgün olmaması ilə bağlı 3 addım nəzərdə tutulur. Bunlardan biri xəbərdarlıq, ikincisi cərimə və yalnız sonuncusu ləğvetmədir. Amma çox maraqlıdır ki, sonuncu addımı ilk addım kimi atmaq barədə qərar verilir. Bu bizdə ciddi sual yaradır".

 

Əli Hüseynli Azərbaycandakı rus icmasının sənədlərində də çatışmazlıqlar olduğunu, amma buna baxmayaraq, Azərbaycan tərəfdən heç vaxt ləğvetmə ilə bağlı məsələ qaldırılmadığını qeyd edib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR