Azərbaycanda müəllimlər sertifikasiyadan keçiriləcək
Azərbaycanda müəllimlərin sertifikasiyadan keçirilməsi nəzərdə tutulub. APA TV-nin məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, nazirlikdə müəllimlərin sertifikasiyası qaydaları hazırlanıb və qanunvericilikdə dəyişiklərin edilməsi üçün Nazirlər Kabinetinə təqdim edilib: "Qaydalar təsdiq edilsə, qanunvericilikdə dəyişikliklər olarsa, müəllimlərin sertifikasiyası keçiriləcək. Bundan sonra həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsinə baxılacaq. Təbii ki, sertifikasiyadan keçməyən müəllimlər müəssisədə qalıb işləyə bilməyəcək".
Eşqi Bağırov vurğulayıb ki, hazırda sertifikasiyada hansı müəllimlərin iştirak edəcəyinə dair dəqiq qərar verilməyib. Onun sözlərinə görə, bu proses bütün müəllimləri əhatə etməyəcək. O bildirib ki, ilkin olaraq müəyyən bir hədəf qrupu seçiləcək. Dövlət təhsil sənədi olmayan və müsabiqədən kənar işə qəbul olunanlar diaqnostik qiymətləndirməyə buraxılmadıqları kimi, sertifikasiyaya da iştirak etməyəcəklər.
Təhsil Nazirliyi tərəfindən Azərbaycanda müəllimlərin işə qəbulu üzrə yeni qaydalar hazırlanıb. Dəyişiklərin müəllimlərin xeyrinə olacağını deyən müdir müavini qeyd edib ki, 2017-ci ildə daha çox vakansiyanın və namizədin olması gözlənilir. Eşqi Bağırov Bakı şəhəri üzrə məktəblərdə direktor olmaq istəyən namizədlər üçün təlimlər keçiriləcəyini bildirib: "Müvafiq ali təhsil müəssisələrində keçirilən bu təlimlərdən uğurla keçən namizədlər daha sonra Bakı şəhəri üzrə Təhsil İdarəsinə müsahibə mərhələsinə dəvət olunacaq. Müsahibədən keçən namizədlər Təhsil Nazirliyində keçiriləcək müsabiqədə iştirak edəcək. Yaxın zamanda təlimlərlə bağlı ictimaiyyətə məlumat veriləcək".
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu il direktor olmaq istəyən namizədlərin sayının rekord sayda olacağını deyib. Bildirib ki, bu il ərizə qəbulunun başladığı 6 gün ərzində Bakı şəhəri istisna olmaqla region məktəblərində direktor olmaq istəyən 2 mindən çox namizəd elektron qeydiyyatdan keçib.
Eşqi Bağırov bildirib ki, bu il diaqnostik qiymətləndirmədən keçəcək 45 min müəllimin əmək haqqı 2018-ci ilin yanvarından artırılacaq. Bu il ilk diaqnostik qiymətləndirmə aprelin 16-21-də Bərdə Olimpiya İdman Kompleksində keçiriləcək. Bakıda keçiriləcək diaqnostik qiymətləndirmə isə iki gün davam edəcək. Mayın 24-25-də keçiriləcək qiymətləndirməyə Bakı şəhərindəki, Zəngilan, Xocavənd, Cəbrayıl, Xocalı, Kəlbəcər, Ağdam, Füzuli, və Laçın rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlər cəlb ediləcək. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az <http://dq.edu.az/> saytına daxil olmaqla bu barədə ətraflı məlumat ala bilərlər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır