General Aydəmirov: "Ali Baş Komandan sarsıdıcı zərbə endirmək əmri verdi"

Azərbaycan Texniki Universiteti aprel döyüşlərində 4 şəhid verib. APA TV-nin məlumatına görə, bu fikirləri universitetin rektor əvəzi Xalıq Yahudov aprel döyüşlərinin ildönümü ilə bağlı bu ali təhsil ocağında keçirilən mərasimdən öncə jurnalistlərə açıqlamasında bildirib: "Biz onların xatirəsini həmişə yad edirik.  Onların adları universitetin həyətində ucaldılmış abidəyə qeyd olunub. Azərbaycan Texniki Universitetinin tələbə, məzun və əməkdaşları azadlıq hərəkatı dövründən başlayaraq ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak ediblər".

 

Sonra aprel şəhidlərindən Əbdülməcid Axundov, Mahir Quliyev, Elvin Mirzəyev və Müşviq Orucovun valideynlərinin də iştirakı ilə Qarabağ döyüşlərində şəhid olmuş universitet məzunlərının xatirəsinə ucaldılan abidənin açılışı olub. Sonra aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş olunub.

 

Xalıq Yahudov universitetin 40 şəhidinin olduğunu, onların xatirəsinin daim əziz tutulduğunu qeyd edib.

 

General-leytenant Yaşar Aydəmirov aprel hadisələrindən danışıb: "Atəşkəs rejimi bir gün ərzində 200 dəfə pozuldu və Ali Baş Komandan əmr verdi ki, onlara elə bir sarsıdıcı zərbə endirin ki, yerlərindən tərpənə bilməsinlər".
 

Aprel döyüşləri zamanı şəhid olmuş Əbdülməcid Axundovun anası Ceyran Axundova həmin tarixin bizi böyük zəfər gününə daha da yaxınlaşdırdığını bildirib: "Aprel döyüşləri bizə qələbə sevincini yaşatdı, 24 ildən bəri olan susqunluğu aradan qaldırdı. Ən böyük qələbəmiz bu oldu ki, 2000 hektardan artıq torpağımız azad olundu. Bu bizim hər birimizin sevincidir".

 

Müşviq Orucovun atası Arif Orucov isə oğlu ilə indi daha çox qürur duyduğunu dilə gətirib: "Mən onu böyüdəndə sevinmirdim ki, ona ali təhsil vermişəm, sevinmirdim ki, onun belə boyu, buxunu var. Sevinirdim ki, bir Azərbaycan kişisi yetişdirmişəm, cəmiyyətə bəxş eləmişəm".

 

Tədbirdə qələbə gününün uzaqda olmadığına inam ifadə olunub.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR