Aprel döyüşləri qazisi: "10 gün artıq döyüşsəydik, Ermənistan yox idi" - QƏHRƏMANLAR

"Aprel savaşı Azərbaycana döyüş əzmi gətirdi. Qəhrəman Azərbaycan əsgəri düşmənə layiqli cavab verməklə yanaşı, işğal altında olan mühüm strateji əhəmiyyətə malik yüksəklikləri və  yaşayış məntəqələrini azad etdi. Uzun illərin ayrılığından sonra düşmən tapdağında olan torpaqlarımızın bir qismi nəhayət ki, tarixi sahibinə qovuşdu. Azad olunan ərazilərdə müqəddəs bayrağımız dalğalandı".

 

Bu fikirləri APA TV-yə müsahibəsində aprel döyüşlərinin iştirakçısı, polkovnik-leytenant Vüqar Abduləzimov deyib.

 

Hərbçi peşəsinin  çətin olduğu qədər də şərəfli olmasından danışan qəhrəmanımız aprel döyüşləri ilə bağlı təəssüratlarını bölüşür: "Düşmən Cocuq Mərcanlı istiqamətində hücum elədi. Operativ qərar qəbul olundu, taktiki plan cızıldı. Düşmənin əks hücumunun qarşısı alındı. Düşmən geriyə oturduldu. Lələtəpə kimi hakim yüksəkliyi Azərbaycan ordusu ələ keçirdi. Bununla da Talış istiqamətində min hektarlarla ərazi Azərbaycan ordusu tərəfindən azad edildi. Lələtəpə uzun illəri idi düşmən tapdağında idi. Horadizin təhlükəsizliyi bu üzdən təmin edilə bilmirdi. Lələtəpədən baxanda düşmən Beyləqana qədər olan ərazidə Azərbaycan ordusunun bütün hərəkətlərini izləyirdi".

 

Ehtiyatda olan zabit deyir ki, aprel döyüşünə qatılan hər bir Azərbaycan əsgəri yalnız bir amal uğrunda vuruşub - irəli getmək və qələbə qazanmaq: "O torpaq bizi özünə çəkirdi. İşğal altında olan rayonlarımızda, Laçında, Şuşada, Ağdamda, Füzulidə bayrağımızı dalğalandırmaq istəyi bizi döyüşə ruhlandırmışdı. Tam səmimiyyətimlə deyirəm, döyüşlər 10 günə qədər davam etsəydi, Ermənistan yox olardı".

 

Lələtəpə uğrunda gedən döyüşlərdə Vüqar Abduləzimov bir ayağını itirib: "Sağlamlığımı itirdiyimə görə heç vaxt peşmanlıq hissi keçirmərəm. Heç bir döyüşçü yoldaşımız da bu hissi keçirmir. Hətta şəhid ailəsi belə... Çünki biz düşməni əzdik. Erməni əsgəri qarşımızdan qaçdı. Azərbaycan əsgəri yenilməzliyini sübut elədi. Biz yaxın gələcəkdə  işğal altında olan torpaqlarımızı azad etməyə hazırıq. Əgər bunu etməsək, şəhid döyüşçülərimizin ruhu bizi heç vaxt bağışlamaz. Müharibə itki tələb edir, döyüş asan deyil. Buna görə də hər bir Azərbaycan vətəndaşı canını vətənə qurban verməyə hazır olmalıdır" .

 

"Hər bir ölkə vətəndaşı torpaqlarımızın azadlığı amalı ilə yaşayır" deyən döyüşçü əlavə edir ki, bunun üçün hər kəs əlindən gələni etməlidir: "Biz döyüşçü yoldaşlarımızla çox böyük qələbə hissi yaşadıq. Qucaqlaşdıq, bir-birimizi təbrik etdik. İllərdir həsrətini çəkdiyimiz torpağımıza qovuşmağın sevincini yaşadıq. Bütün zabit heyəti döyüşə əsgərlərə birgə, öndə girmişdi. Əsgərlər görürdü generallar da onların sırasındadır. Bütün əsgərləri yalnız bir sual düşündürürdü - növbəti hücum nə vaxt olacaq? Çox yüksək əhval-ruhiyyə vardı aprel döyüşlərində. Bu gün Azərbaycan ordusu hər şeyə qadirdir. Baxmayaraq ki, Ermənistan ordusu daim yenilməzliyindən danışıb özünü öyürdü, aprel döyüşlərinin nəticəsi göstərdi ki, Azərbaycan əsgəri qürurlu və cəsarətlidir, Azərbaycan zabiti əyilməzdir". 

 

"Vətən uğrunda" medalı ilə təltif olunan ehtiyatda olan zabit Vüqar Abduləzimovun  üç övladı var. Onlar da atalarının yolunu davam etdirmək niyyətindədir.

 

Özünün sözləri ilə desək, vətən Vüqar üçün hər şeydir. Onun azadlığı uğrunda hər an yenə döyüşə hazırdır. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR