Turlara getmək istəyənlər üçün böyük fürsətlər - “AITF 2017” sərgisi
Bakıda 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” sərgisi keçirilir.
Sərgidə 22 ölkəni təmsil edən 272 şirkət iştirak edir. Aprelin 8-dək davam edəcək sərgidə ziyarətçilər 90-dan çox xarici turizm istiqaməti, eləcə də ölkə daxilindəki istirahət imkanları ilə tanış ola biləcəklər.
Sərgidə 17 milli və regional stend təmsil olunur. Milli stendlər arasında Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan, Mərakeş, Tailand, Türkiyə və Çexiyanın stendləri, eləcə də “Roqaşka Slatina” (Sloveniya) və Stavropol (Rusiya) əyalətini təmsil edən stendlər nümayiş etdirilir.
Sərgidə ilk dəfə olaraq Rusiyanın mədəni-tarixi muzeyi sayılan "Dövlət Ermitaj Muzeyi" də yer alıb. Satış təmsilçisi Kristina Antonova bu sərgiyə ilk dəfə qatıldıqlarını deyir: "Biz ilk dəfədir bu sərgidə iştirak edirik. Burada təkcə "Ermitaj" mehmanxanasını yox, həm də muzeyin özünü təmsil edirik. Bizim burada məqsədimiz, turistlərin marağını cəlb etmək, Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişaf etdirməkdir. Hələlik təəssüratlarımız müsbətdir və əminəm ki, bizim burada iştirakımız məhsuldarlığı ilə yadda qalacaq".
Bundan başqa sərgidə ilk dəfə olaraq Kolumbiya və Kuba öz stendləri ilə çıxış edirlər. Səfirliyin təmsilçisi Xose Rikardo deyir ki, Azərbaycan vətəndaşları vizasız Kolumbiyanın Sanandres və Kartaxena kurortlarında dincələ bilərlər: "Biz Kolumbiya səfirliyi olaraq ilk dəfə bu sərgidə iştirak edirik. Təşkilatçılara öz minnətdarlığımızı bildiririk. Kolumbiyanın ən gözəl yerləri Sanandres və Kartahenadır. Azərbaycanlılar üçün viza lazım deyil. Turist kimi gedib 6 ay qala bilərlər. Çox gözəl çimərlikləri var. Biz Kolumbiya səfirliyi olaraq hər iki ölkə arasında turizmin inkişafı üçün buradayıq".
Sərgidə Azərbaycanın 20-yə yaxın turizm şirkəti təmsil edir. Mehmanxana şəbəkələri, Azərbaycanın bir çox otelləri də sərgiyə qatılıb. "Gilan Hospitality Group"un satış meneceri sərgidə Fərid Dibirov təmsil etdiyi otellərlə bağlı məlumat verib: "Biz bu gün sərgidə "Gilan Hospitality Group"a aid olan 13 "Qafqaz" otelini təmsil edirik. Əlavə yeni brend altında olan "Şenot Palace Health Wellness Hotel"i də təmsil edirik. Bu otel sərgi iştirakçılarının çox marağına səbəb olur, onlar yeni otellə maraqlanırlar. Bizim Tufandağ otelinin kanat xətləri və xizək xətləri qonaqları çox cəlb edir. Bizdə əsasən Qəbələ üçün təkliflər çoxdur. Qəbələdə bizim 8 otelimiz yerləşir. Artıq üçüncü dəfədir ki, sərgidə iştirak edirik. İldən-ilə iştirakçıların sayı çoxalır".
Ənənəvi olaraq sərgidə Azərbaycanın regionları da iştirak edir. Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova belə sərgilərin bölgələrə turist axınına böyük təsir göstərdiyini deyir: "Turizm idarəsi tərəfindən Şəki, Zaqatala, Qax bölgələri üzrə turizm obyektləri təqdim olunur. Eyni zamanda sərgidə gənc sənətkar Vüqar Rəsulzadənin xalq tətbiqi sənəti və rəsm əsərləri yer alıb. Bu sərgilərin bölgələrə çox böyük təsiri olur. Çünki artıq istər Bakıdan, istərsə də xarici ölkələrdən gələn qonaqlar hansı bölgələrdə hansı otellərin olduğunu bukletlər vasitəsi ilə bilirlər".
Xarici debütantlar arasında Böyük Britaniya, İtaliya və Çini təmsil edən turizm şirkətləri də var. "ExroCenter"də həmçinin regionda otel və restoran sənayesinin yeganə ixtisaslaşmış tədbiri olan 11-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2017” sərgisi də keçirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır