Quba alması və Zirə pomidorunun Rusiyaya yolu açılır: RƏSMİLƏR BAKIDA GÖRÜŞDÜ

Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində Rusiyanın Federal Gömrük Xidmətinin və Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

 

APA TV-nin məlumatına görə, Rusiya Federal Gömrük Xidmətinin Ticarət məhdudiyyətləri, valyuta və ixrac nəzarəti İdarəsinin birinci müavini Andrey Ryazanovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfərində məqsəd Rusiyaya meyvə-tərəvəz məhsullarının ixracı ilə bağlı məsələləri müzakirə ediblər.
 

Görüşdə çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib ki, artıq uzun illərdir Rusiya Azərbaycan üçün əsas ixrac bazarıdır: "Ötən illərlə müqayisədə Azərbaycandan ixracın 16,9 faizi Rusiyanın payına düşür. Rusiya Azərbaycan üçün idxal sahəsində də önəmli ölkələrdən biridir. Azərbaycan Ukrayna və Qazaxıstana da meyvə-tərəvəz ixrac edir. Son bir ildə ölkəmizdən xaricə meyvə-tərəvəz ixracı 73 faiz artıb. Eyni zamanda Azərbaycana meyvə-tərəvəzin idxalı xeyli azalıb".

A.Ryazanov isə bildirib ki, iki ölkənin müvafiq qurumları gömrük prosedurlarının sadələşdirilməsində maraqlıdır və bu məsələ müzakirə predmetidir. "Biznes dairələri bir qədər anlayış nümayiş etdirməlidir. Bu yaxınlarda Azərbaycan-Rusiya sərhədində yaranmış problemlər bu müzakirələrin sayəsində həllini tapdı və mövcud olan digər problemlər də danışıqlar yolu ilə həllini tapmalıdır", - deyə o bildirib.
 

Görüşdə iştirak edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev  bildirib ki, son bir ildə Azərbaycanda 517 min ton pomidor istehsal edilib və bunun 100 min tonu ancaq Rusiyaya ixrac edilib.
 

Nazir müavini əlavə edib ki, son bir il ərzində Azərbaycana alma idxal edilməyib və ölkədə istehsal olunan almanın bir qismi ixraca yönəlib. S. Babayev vurğulayıb ki, bu gün Azərbaycan Rusiyanın meyvə-tərəvəzə olan tələbatını tam olaraq ödəmək qabiliyyətindir.

 

Rusiya nümayəndə heyətinin Azərbaycanda meyvə-tərəvəz məhsullarının əkin sahələri və saxlanılması şəraiti ilə tanış olması üçün Quba və Qusar rayonlarına səfəri planlaşdırılır.

 

Aprelin 7-də Rusiya nümayəndə heyətinin Azərbaycana səfərinin sonuncu günündə Bakının Zirə kəndində meyvə-tərəvəz məhsullarının yetişdirildiyi istixana təsərrüfatlarının fəaliyyəti ilə tanış olacaqlar.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR