ABŞ-ın ehtiyatları gözlənilmədən artdı, neft 1 dollar ucuzlaşıb

Amerika Neft İnstitutu anbarlarda saxlanan xam neft ehtiyatlarının həcminin ötən həftə 1,8 milyon barel azaldığını açıqlayıb. "Reuters" agentliyinin sorğuya cəlb etdiyi neft analitikləri isə ehtiyatların 435 min barel azalacağını proqnozlaşdırıblar. Bu açıqlama və proqnozlar dünən gün ərzində neftin qiymətini bahalaşdırıb. "Brent" markalı neft uzun fasilədən sonra ilk dəfə 55 dollarlıq həddi keçib.

 

Lakin ABŞ Energetika Nazirliyinin açıqladığı rəsmi hesabat bütün proqnozları alt-üst edib. Hesabata əsasən, ötən həftə ABŞ-da neft ehtiyatlarının həcmi 1,6 milyon barel artaraq 535,5 milyon barelə çatıb. Eyni zamanda həftə ərzində ölkədə gündəlik neft hasilatının həcmi 52 min barel artaraq 9,2 milyon barelə çatıb. Bu, son 15 ay ərzində ABŞ-da qeydə alınan ən yüksək göstəricidir.

 

Qeyd edək ki, Amerika Neft İnstitutunun ənənəvi olaraq çərşənbə axşamı açıqladığı hesabat qeyri-rəsmi xarakter daşıyır, rəsmi hesabat isə Energetika Nazirliyi tərəfindən açıqlanır. Rəsmi hesabatdan sonra neftin qiyməti ucuzlaşmağa başlayıb. Son 24 saat ərzində "Brent" neftinin maksimum qiyməti 55,01 dollar olubsa, səhər seanslarında bu rəqəm 53,98 dollara enib. Qərbi Texas neftinin qiymətində də analoji tendensiya müşayiət olunur. WTİ neftinin qiyməti  gün ərzində 1 dollar ucuzlaşaraq 50,80 dollar olub.

 

İki marka arasında fərqin 3 dollardan çox olması göstərir ki, ABŞ-ın ehtiyatları artsa da, bu amil bazarda qiymətlərin formalaşmasına həlledici təsir göstərə bilmir. Sabah ABŞ-da şist nefti hasil edən buruqların sayına dair hesabat açıqlanacaq. Buruqların sayının artması birjaların son iş günündə neftin qiymətinə azaldıcı təsir göstərə bilər. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR