Prezident: “Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb”
"Gələn ay Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək. Bu Oyunların Azərbaycanda keçirilməsi ölkəmizin həyatında çox əlamətdar hadisədir". APA TV-nin məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasimdə söyləyib.
Dövlət başçısı bildirib ki, 57 ölkəni təmsil edən 3 mindən çox idmançı Azərbaycanda yarışacaq.
Prezident xatırladıb ki, qədim tarixə malik olan Azərbaycan cəmi 25 ildir ki, müstəqil dövlət kimi yaşayır:
“Keçən il biz müstəqilliyimizin bərpa olunmasının 25 illiyini qeyd etmişik. Bu illər inkişaf, quruculuq illəri olmuşdur. Hesab edirəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir. Biz bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsinin dəstəyi və səsi ilə dünyanın ən ali beynəlxalq orqanı olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq. Bu, beynəlxalq aləmdə bizə olan münasibətin, hörmətin təzahürüdür”.
Dövlət başçısı deyib ki, bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib:
“Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, gələn ay keçiriləcək Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan idman sahəsində də böyük uğurlar əldə edib:
“İki il əvvəl Bakıda keçirilmiş birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 56 medal qazanmışlar və komanda hesabında ikinci yerə layiq görülmüşlər. Keçən il Rio Olimpiya Oyunlarının nəticələri göstərdi ki, bu qələbə təsadüfi deyildir. Rio Olimpiya Oyunlarında Azərbaycan 18 medal qazanmışdır və medalların sayına görə biz dünya miqyasında 14-cü yerdəyik. Rio Olimpiya Oyunlarında Azərbaycan müsəlman ölkələri arasında birinci yerdə idi”.
Dövlət başçısı qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarının rəmzi sudur: “Azərbaycan füsunkar təbiətə malik bir ölkədir. Gözəl göllərimiz, çaylarımız, bulaqlarımız, şəlalələrimiz, gözəl Xəzər dənizimiz bizim təbii sərvətimizdir. Bu gün Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə böyük səyahət başlayır. Qoy, bizim yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun”.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır