“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahəti başlandı

Aprelin 5-də Bakıdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib. Azərbaycan prezidenti İlham Əliyev, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva, ailə üzvləri, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud mərasimdə iştirak ediblər.

 

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasim Azərbaycan rəqsləri ilə başlayıb.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.

 

Sonra Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud çıxış edib.

 

Daha sonra mərasim bədii hissə ilə davam edib.

 

Qeyd edək ki, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunub.

 

Bakıdan olan uşaq iki nüfuzlu idmançının - taekvando üzrə dünya çempionatının ikiqat mükafatçısı Rəşad Əhmədov və Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Mariya Stadnikin müşayiəti ilə Xəzər dənizinin sahillərindən birlik rəmzi olan suyu bütün Azərbaycana paylamaq üçün toplayıb.

 

Sonra uşaqlar səhnəyə daxil olub.

 

Azərbaycan prezidenti İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu özləri ilə aparmaq üçün Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim edib.

 

Ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti bununla da 3 min kilometrdən çox məsafəni qət edəcək.

 

Sonda atəşfəşanlıq olub.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR