Nazirlik rəsmisi: "Turistlər ən çox Ərəb ölkələrindən gəlir"

"Bu il aprelin sonuna kimi bütün mehmanxanaların 80-85 faizi dolub". APA TV-nin məlumata görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.


Azərbaycana turistlərin əsasən, 26 ölkədən gəldiyini deyən şöbə müdirinin sözlərinə görə, onların arasında ərəb ölkələri, İran, Rusiya, Avropadan gələnlər üstünlük təşkil edir: "Turizm axını Azərbaycanda böyük valyuta gəlirinə gətirib çıxarır. Bu il də ölkəyə gələcək turistlərin sayının artması gözlənilir. Bakıda, "Shopinq festivalı"nın keçirilməsi turistlərin müəyyən qədər çoxalmasına, artmasına imkan yaradacaq. Azərbaycan ən böyük maraq ərəb ölkələri tərəfindəndir. Ərəb ölkələrindən gələn turistlərin sayı digər ölkələrdən 10-15 dəfə, bəzi ölkələrdən isə 20-30 dəfə artıqdır. Bizim müsəlman ölkə olmamız, məscidlərin fəaliyyət göstərməsi, halal yemək və digər məqamlar onların ölkəmizə axın etməsinə marağı artırır".

 

Şöbə müdiri əlavə edib ki, son 2 ildə Novruz bayramı ərəfəsində Azərbaycanda İrandan gələn turistlərin sayında artım müşahidə edilir. Onun sözlərinə görə, Rusiyadan da Azərbaycana böyük turist axını başlayıb.

 

Bundan başqa o bildirib ki, artıq Bakıda 25 hostel, 92 apartament fəaliyyət göstərir. Onun sözlərinə görə, bunlar özəl müəssisələrdir və sahibkarlar tərəfindən yaradılıb. O bildirib ki, apartamentlərin hamısı şəxsi adamların evləridir və turistlərə icarəyə verilir. Dövlət tərəfindən də belə müəssisələrin sayının artırılması dəstəklənir.

 

Şöbə müdiri əlavə edib ki, 2-3 ulduzlu mehmanxanaların tikilməsi nazirlik üçün prioritet məsələdir. Bunun mütəmadi olaraq müzakirəyə çıxarıldığını deyən Aydın İsmiyev vurğulayıb ki, nəinki 2-3, hətta 4 ulduzlu mehmanxanaların tikilməsi də məqsədəuyğundur: "Son zamanlar hotellərdə yer çatışmazlığı məsələsi ortaya çıxır. Bu problemləri nəzərə alaraq belə mehmanxanaların fəaliyyət göstərməsi müsbət addımdır. Ölkədə hotellərdə turistlərin yerləşdirilməsi üçün müvafiq standartlar var. Əgər hostel və apartamentlərin sayı çoxalsa, onlar üçün yeni standartlar hazırlana bilər. Hotel və mehmanxanalardakı xidmət səviyyəsi bizi də narahat edir.  Bu gün bizdə xidmət səviyyəsinin yüksək olduğunu deyə bilmərik. Amma ötən illərlə müqayisədə böyük sıçrayış var. Nazirlik səviyyəsində müxtəlif treninq kurslar keçirilir".

 

O qeyd edib ki, hazırda Azərbaycan Turizm və Menecment Universiteti, peşə məktəbi fəaliyyət göstərir. Gələcək planda 4-5 əlavə peşə məktəbinin tikintisi nəzərdə tutulur.

 

Qeyd edək ki, aprelin 6-da Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər "AITF" 2017 sərgisi öz işinə başlayacaq. Sayca 16-cı dəfə keçirilən sərgidə bu il 22 ölkədən 272 şirkət və qurum  təmsil olunacaq. Sərgi 3 gün davam edəcək.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR