Prezident İlham Əliyev Estoniyanın dövlət idarəçilik nazirini qəbul edib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Estoniya Respublikasının dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Estoniyanın dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının fəaliyyətinə toxunan dövlət başçısı ticari-iqtisadi münasibətlərimizin bundan sonra necə inkişaf etdirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirəsi baxımından komissiyanın bu yaxınlarda keçiriləcək iclasının önəmini qeyd edib. Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Dövlət başçısı, həmçinin qarşılıqlı ixrac imkanlarının araşdırılmasının əhəmiyyətini qeyd edib, bu baxımdan ölkələrimizdə lazımi potensialın mövcud olduğunu bildirib. Prezident İlham Əliyev investisiya qoyuluşu məsələlərinin də böyük maraq doğurduğunu vurğulayıb.
Prezident İlham Əliyev ölkələrimizin informasiya texnologiyaları sahəsində uzun müddət çox uğurlu əməkdaşlıq həyata keçirdiyini və Estoniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərdiklərini məmnunluqla qeyd edib. Estoniyanın bu sahədə böyük təcrübəyə malik olduğunu deyən prezident İlham Əliyev Estoniyaya səfəri zamanı həmin nailiyyətlərin şahidi olduğunu bildirib. Prezident İlham Əliyev səfər zamanı Estoniya nümayəndə heyətinin Şimal-Cənub nəqliyyat dəhlizinin yeni imkanları nəzərə alınmaqla Azərbaycanın bu istiqamətdə gördüyü işlərlə tanış olacaqlarına əminliyini söyləyib.
Estoniyanın dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun ölkələrimiz arasında iş birliyi sahəsində təcrübənin mövcud olduğunu və bu təcrübənin daha çox xidmət sahəsini əhatə etdiyini vurğulayıb. Azərbaycan ilə ticarət dövriyyəsinin o qədər də böyük olmadığını, lakin bu istiqamətdə inkişaf meyillərinin müşahidə edildiyini deyən Estoniyanın dövlət idarəçilik naziri keçən illə müqayisədə ticarət dövriyyəsinin demək olar ki, 2,5 dəfə artığını məmnunluqla vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi