5 gündən sonra Bakıda 1-ci Turizm Festivalı start götürür

"Azərbaycanda  birinci turizm festivalı aprelin 10-dan mayın 10-dək keçiriləcək. Tcarət festivallarının ("Shopping festival") keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır". APA TV-nin məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında jurnalistlərə vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib: "Bu festivallar həm də vergi sisteminin təşviqini, fiziki şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (ƏDV) sisteminin ölkədə tətbiqi ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, rezident və qeyri-rezident vergi ödəyicilərinin xidmət sisteminin inkişaf etdirilməsini nəzərdə tutur".

 

Onun sözlərinə görə, ticarət festivallarının təşkili barədə bir sıra qanunvericilik aktları və sənədlər təsdiq olunub: "Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatı Vergilər Nazirliyi tərəfindən Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə müəyyən edilmiş qaydada aparılır. Festival zamanı hər bir alıcı verginin qaytarılması ilə bağlı satıcılar tərəfindən izahlı məlumat əldə edə biləcəklər".

 

Ələkbər Məmmdovun sözlərinə görə, əgər alıcı əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olarsa, satıcı ona ƏDV-nin qaytarılmasının 2-ci qaydası barədə də məlumat verməlidir: "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası", yəni, qısaca olaraq, "Tax free" sistemi mövcuddur və alıcı xarici vətəndaş olarsa, ona bu barədə də məlumat veriləcək. Bundan sonra həmin əcnəbi şəxs aldığı mallara görə ödənilmiş ƏDV-nin qaytarılmasını bu qaydalardan birinin tələbləri çərçivəsində özü seçə bilər".

 

O bildirib ki, "Tax free" sistemində olduğu kimi, burada da bir sıra mallar var ki, onlara görə tutulmuş ƏDV qaytarılmır: "Bura aksizli mallar, ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar, külçə şəklində qiymətli metallar, nəqliyyat vasitələri və onların ehtiyat hissələri aiddir. Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması yalnız bir elektron vergi hesab fakturası üzrə malların dəyəri (ƏDV ilə birlikdə) 100 manatdan çox olduğu hallarda təmin edilir".

 

Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması ilə "Tax free" sisteminin fərqinə gəlincə nazirin müşaviri qeyd edib ki, əsas məsələ ticarət festivallarında alıcıya fərq qoyulmamasıdır.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR