Şəhid anası: "Nurlanın meyitini atəş altından hərbçi qardaşı çıxarıb" - QƏHRƏMANLAR

"Həmin gün televiziyaya baxanda qorxurdum, nə isə narahat idim, elə bil hiss edirdim. Bir də gördüm prezident İlham Əliyev televiziyada çıxış deyir ki, həm qələbəmiz var, həm də şəhidimiz. 3 şəhid. Yoldaşıma dedim ki, anası ölsün onların, 3 şəhidimiz var. Sən demə, onlardan biri mənim balam imiş, bilmirdim. İndi məni ayağa qaldıran balamın igidliyidir, mən fəxr edirəm ki, igid övlad böyütmüşəm".

Bu sözləri Masallıda aprel döyüşlərində şəhid olan əsgər Nurlan Əsgərovun ev muzeyinin açılışında onun anası bildirib.

APA TV-nin Cənub bürosunun məlumatına görə, aprel döyüşlərində qəhrəmancasına  həlak olan 1995-ci il təvəllüdlü Nurlan Bayram oğlu Əsgərovun ölümündən bir il ötür.

Rayonun Kalinovka kəndində anadan olan Nurlan Əsgərov 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün könüllü olaraq hərbi xidmətini baş əsgər rütbəsində davam etdirir. Dostları da onu vətənpərvər bir gənc kimi xatırlayır: "Bir az fərqli uşaq idi, hərbiyə meylli idi, uşaqlıqdan hərbi forma geyinərdi".

Elə yaradılan muzeydə də Nurlanın hərbi geyimləri, xidmət vaxtında aldığı təltiflər, foto şəkillər, idman əşyaları yer alıb. İndi şəhidin valideynləri oğullarının qəhrəmanlığına görə, alnı açıq, başı dik  gəzdiklərini deyir. Şəhidin atası oğlu ilə fəxr etdiyini deyir: "Şəhid valideynləri başlarını həmişə dik tutsun, onların övladları vətən, torpaq uğrunda şəhid olub. Biz getməsək, onlar getməsə, necə olar? Vətəni qorumaq lazımdır, onu dar gündə tək qoymaq olmaz. Hamımızın, övladlarımızın da borcudur vətəni qorumaq, Allah bütün şəhid valideynlərinə səbir versin, Allah rəhmət eləsin".

Şəhidin oxuduğu Kalinovka tam orta məktəbində Nurlan ehtiramla  anılır. İstər müəllimlərin, istərsə də dostlarının xatirəsində iz qoyan şəhidin abidəsi indi oxuduğu məktəbdə qoyulub: "Övladımın arzusu çox idi, əvvəllər özünü bayrağa bükərdi, vətəni uğrunda canını verməyə hazır idi. Əsgərlikdən qabaq idmana gedirdi, həm karate, həm boks üzrə idmançı idi. Deyirdi ki, ana narahat olma, hərdən xəritəni gətirib qoyardı, göstərib, "bax, bizim ərazimiz gör nə qədər böyük olub, bu torpaqların qaytarılması üçün nə qədər gücüm varsa, mən də nə isə etməliyəm" deyərdi".

Şəhidin qardaşı, gizir İntiqam Əsgərli də aprel döyüşləri zamanı onunla çiyin-çiyinə vuruşub: "5 nəfər olublar, 2 yaralı, 3 şəhid. Şəhidləri oğlum çıxarıb döyüş bölgəsindən. Əvvəlcə yaralıları, sonra qardaşının meyitini çıxarıb".

Qeyd edək ki, şəhidin xatirəsinə kəndin mərkəzində, abidə və bir bulaq inşa edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR