Ərdoğan ABŞ, Rusiya və İrana meydan oxudu: "Fərat qalxanı"nın ikinci mərhələsində...
Türkiyə prezidenti Suriyanın şimalında dayandırılan "Fərat qalxanı" əməliyyatının ikinci mərhələsini açıqlayıb. APA TV-nin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan açıqlamaları Türkiyənin NTV kanalına müsahibəsində verib.
O bildirib ki, ikinci mərhələnin İraqın Sincar və Suriyanın Menbiç əyalətində davam etdirilməsi müzakirə olunur: ""Fərat qalxanı" adlandırdığımız əməliyyat işin birinci qismi idi. İkinci, hətta üçüncü mərhələ olacaq. Məsələnin İraq tərəfi gündəmdədir. Telaferdə, Sincarda soydaşlarımız var. Əməliyyatları davam etdirə biləcək ordumuz, əsgərimiz hazırdır".
Ərdoğan İŞİD-ə Suriyanın şimalında ağır zərbələr vurulduğunu deyib. O, İraqda Mosul əməliyyatına qatılan "Haşdi Şabi"ni terror qruplaşması adlandırıb: "Üzərində ciddi düşündüyümüz "Haşdi Şabi" var. İraq parlamenti "Haşdi Şabi"ni terror qruplaşması kimi tanımadı. Biz dəfələrlə Bağdadı Mosul əməliyyatında adı çəkilən qruplaşmadan istifadə ediləcəyi təqdirdə narahat olacağımız barədə xəbərdar etmişik".
Ərdoğan İraqda və Suriyada məzhəbçiliyə üstünlük verən Fars milliyətçiliyinin artdığını iddia edib: "Bu çox təhlükəlidir. Beynəlxalq müstəvidə də bu, yaxşı heç nədən xəbər vermir. Bu gün Suriyanın başında dayanan adam da şiə deyil. Onun vəziyyəti olduqca fərqlidir. Bütün bu baş verənlərin fonunda İŞİD ərazi itirir. Dəməşq hakimiyyəti isə kimin ərazi uduzmasına yox, özünün nələrsə etməsinə daha çox diqqət yetirir. Məsələn, Menbiçdə İŞİD artıq yoxdur, amma PYD-ni möhkəmlətməyə çalışırlar. Orada xeyli ərazi təmizləmişik, dərdimiz bayraq asmaq deyil. Menbiç ərəb əhalinin torpağıdır, ora onlar yerləşməlidir".
Türkiyənin dövlət başçısı bildirib ki, Sincarda 2 min 500 PKK terrorçusu var və bu bölgənin ikinci Kandil olmasına izn verməyəcəklər. Ərdoğan Suriyada əməliyyatlar keçirən Rusiya və ABŞ liderliyindəki koalisiya qüvvələrini də tənqid edib: "Biz Rəqqada terror qruplaşmaları istəmirik. Orada ABŞ və Rusiyanın da olmasına etiraz edirik. Ona görə ki, terror qruplaşmasının yaxşısı, pisi olmaz. Bu iki gücün PYD-siz əməliyyat keçirməyə gücü çatmır? Bu istiqamətdə hər iki tərəflə müzakirələrimizi davam etdiririk".
Ərdoğan bildirib ki, "Fərat qalxanı" adlanan əməliyyatın ilk mərhələsində Cerablus və Əl-Bab məsələsini həll ediblər, indi növbə Menbiçindir. Bundan sonra isə Rəqqa əməliyyatından danışmaq olar.
OXŞAR XƏBƏRLƏR
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi