Bakıda lift və su sayğaclarının qənimi ələ keçdi

Binəqədi rayon ərazisində  sakinlərin su sayğaclarını oğurlayan şəxs həbs olunub. 

 

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Naxçıvani küçəsindəki evlərdən birinin girişindəki su sayğacını oğurlamağa cəhd göstərən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Nəsirov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində əlavə olaraq 8 mənzilin su sayğacını oğurlaması da müəyyən edilib. Zaur Nəsirov qəbul məntəqələrində şübhələnməsinlər deyə oğurladığı sayğacları Qaraçuxur qəsəbəsində yaşadığı evin həyətində yandırıb, mis hissələri isə qəbul məntəqəsinə təhvil verirmiş.

 

Metal qəbulu məntəqəsinin sahibi Rəfiqə Həşimova deyib ki, qəbul etdiyi malın oğurluq olduğunu bilmirmiş: "Zaur mənə neçə dəfə mis və alüminium tullantısı satıb. Ona deyirdim ki, bax mən qadınam, oğurluq mal mənə lazım deyil. Deyirdi, xeyir, oğurluq deyil, öz malımdır. Oğurluq olduğunu bilməmişəm". 

 

Z. Nəsirovun həmçinin Binəqədi rayonunda yerləşən binaların bir neçəsinin liftinin əyləc dolaqlarını da oğurladığı məlum olub.   Saxlanılan şəxs liftlərdəki oğurluq hadisələrini də qanunsuz olaraq əlvan metal əldə edib satmaq niyyəti ilə həyata keçirdiyini etiraf edib: "Lifti çağırırdım, gəlirdi. Minib qalxırdım yuxarı mərtəbəyə. Çardağa keçirdim. Liftin motorunda başlıq hissə var, onun içində 4 kilo mis olur. Kəlbətinlə elektrik naqilini kəsirdim ki, məni cərəyan vurmasın. Misi götürüb gedirdim".

 

Faktla bağlı araşdırmalar davam etdirilir.  

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR