İmtahanda 700-ə yaxın bal toplamış şəhidin ailəsinin arzusu: Adı məktəbə verilsin - QƏHRƏMANLAR
Bu gün Müşfiq Orucovun Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmasının ildönümüdür. Artıq bir ildir ki, Müşfiq aramızda yoxdur.
Müşfiq Orucov Zəngilan rayonundan məcburi köçkün düşmüş ailənin övladıdır. 1994-cü ildə Bakıda doğulub, ilk təhsilini də paytaxtda alıb. 2011-ci ildə Azərbaycan Texniki Universitetin Avtomatika və kompüter texnikası fakültəsinə 700-ə yaxın balla qəbul olub. 2015-ci ali təhsilini başa vuran gənc qəhrəman hərbi xidmətə yollanıb və Naftalan rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə qulluq edib.
Müşfiq müəllim ailəsində böyüyüb. Anası Aygün xanım deyir ki, Müşfiqin Vətən sevgisi də elə valideynlərindən aldığı həyat dərsindən başlamışdı. Müşfiq Orucovun hərbi xidmətini başa vurmağa cəmi üç ayı qalıbmış.
"Məcburi köçkün həyatı yeni başlayanda anadan olmuşdu Müşfiq. 1994-cü ildə doğuldu. Yataqxana divarları arasında kiçik bir otaqda böyütdüm iki uşağımı. İkisi də ali təhsil aldı. Qızım kimya müəlliməsidir. Müşfiq də Texniki Universitetin avtomatika və kompüter texnikası fakültəsini bitirdi. Ən yaxşı fakültəni seçmişdi ki, gələcəkdə yaxşı da işi olsun".
Müşfiq ailənin tək oğul övladı olub. Aygün xanım deyir ki, Müşfiq oxumağa, idmana çox meylli olub. Hələ kiçik yaşlarından futbol oynayarmış. Futbolu çox sevən Müşfiq bütün yarışları izləyərmiş, hətta məktəblərarası komanda yarışlarında birincilik qazanıb.
"Nə deyirdimsə, deyirdi əsgərlikdən gəlim, hər şey yaxşı olacaq. Hər şeyi qayıdana saxlamışdı. Ali təhsilini başa vurdu, dedik ki, magistraturanı da oxu, sonra gedərsən, dedi, mən magistraturanı oxusam, siz məni əsgərliyə getməyə qoymayacaqsınız. Gedim-gəlim, oxuyacağam".
Müşfiq tək ailəsinin deyil, tanıyanların hamısının sevimlisi olub. Anası deyir ki, məsuliyyətli, ağıllı, istiqanlı övlad olub Müşfiq, qonum-qonşunun, qohum-əqrəbanın hər işinə əl atarmış.
Şəhidin atası Arif Orucov deyir ki, aprel döyüşlərində oğlu ilə birlikdə, həm də dostunu itirib.
Müşfiq universitetdə oxuya-oxuya həm də şadlıq sarayında ofisiant işləyirmiş, havalar isinəndən sonra isə axşam 7-dən səhər 7-yə qədər dondurma sexində çalışıb, amma buna rəğmən dərslərini bir dəqiqə belə unutmayıb.
"Hər hansı bir arzusuna çatmaq üçün cəhd edib oxuyardı. Çox qabiliyyətli, talantlı uşaq idi. Çox güclü riyazi biliyi vardı. Ona görə də hərbi hissədə olanda minaatan kursuna göndərmişdilər. Heç vaxt boş durmazdı. Bəlkə də alın yazısı idi, həmişə tələsərdi ki, hər şeyə çatsın. Bütün işlərini planla görürdü. Qayıdanda işləyəcəyi kompüter proqramlarını belə yazıb qoymuşdu, sosial şəbəkələrdə ki bütün profillərini "Bu profil 12 aydan sonra aktiv olacaq" yazıb bağlamışdı".
Bu gün Müşfiqsiz ən çox darıxan isə Əntiqə nənədir. Deyir elə gün olmaz ki, Müşfiqsiz ağlamayım.
"Müəllim ailəsində çətinliklə böyümüşdü. Valideynlərinin maaşları az idi. Atasına kömək etmək üçün dərsdən gəldikdən sonra restoranda gecəsi 10 manata işləyirdi. Çətinliklə oxudu, barını yemədi... Günü saya-saya 9 ay gözlədim onu. İndi kimi gözləyim? Da gözləmirəm, yana-yana qalmışam bala... Deyirəm, qulağım səsdədir Müşfiq".
Ölümündən sonra Müşfiq Orucov "Vətən uğrunda" medalı ilə təltif olunub.
Müşfiqin ailəsi Tağıyev adına Toxuculuq Fabrikinin yataqxanasında məskunlaşıb, yataqxana söküldüyündən indi şəhidin valideynləri onun nənəsinin evinə sığınıb.
Ailə üzvləri bir arzu ilə yaşayır - Müşfiqin adı onun təhsil aldığı Zəngilan orta məktəbinə verilsin.
Ruhuna dərin ehtiramla!
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman