Şəhidimizin evə son zəngi: "Bizim üçün dua edin" - QƏHRƏMANLAR

Aprel döyüşləri zamanı Talış yüksəkliyi uğrunda şəhid olmuş gizir Elmidar Səfərovun vəfatından bir il keçir. 1992-ci ildə Yardımlıda doğulan Elmidarın ailəsi bir il sonra Neftçalanın Aşağı Qaramanlı kəndinə köçüb.  Elmidar Səfərov 2010-cu ildə cəbhənin Füzuli istiqamətində hərbi xidmətə başlayıb. Gizirlik kursunu oxuduqdan 6 ay sonra  xüsusi təyinatlı dəstədə xidmət edib. O bütün silah növləri ilə davranmağı bacaran, çevik, qorxmaz bir hərbçi kimi həmişə seçilib.

 

Şəhidin babası Qaraxan Qaraxanov deyir ki, Elmidar hələ uşaq vaxtlarından qonum-qonşuya, ailəyə qarşı səmimi olub: "Hələ uşaq vaxtlarından görürdün yoldan bir qoca gedir, onun yükünə kömək edərdi. Məktəb şagirdləri içində ən nünmunəvi şagirdlərdən biri olub. Əsgərgedib qayıtdı, dedi ki, mən gedib vətənə olan öz borcumu verməliyəm. Biz çox təkid etdik ki, gəl səni evləndirək, razı ilmadı. Dedi mənim hələ vaxtım var, Vətən azad olunmayınca mən sizə söz verə bilmərəm".

 

Aildədə 3 bacı, 2 qardaş olan Elmidar Səfərov sonuncu dəfə ötən ilin martın 28-də evə gəlir və ona məxsus avtomobili təlimdə olmaq adı ilə qardaşına verir. Aprelin 1-də isə dayısı oğluna zəng edərək bircə kəlmə deyir: “Bizim üçün dua edin”. Aprelin 2-dən-3-nə keçən gecə erməni təxribatının qarşısını alaraq digər hərbçilərlə birlikdə əks hücumla Talış yüksəliyi uğrunda ölüm-dirim döyüşünə girir. Qərərgah rəisi, həmyerlisi Samit İmanovun dəstəsində olan Elmidar Səfərov döyüşçü yoldaşları ilə düşmənin postlarını darmadağın edərək yüksəkliyi ələ keçirirlər. Özü isə o döyüşdə başından yaralanır və 8 saat yaralı qalır. Axşam saatlarında şəhidlik zirvəsinə ucalır. Azərbaycan Prezidentinin sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medala layiq görülür.

 

Şəhidin anası Aminə Səfərova övladı ilə fəxr etdiyini deyib: "Mən balamla fəxr edirəm. Oğlum çox ürəkli idi. Həmişə arzulayırdı ki, Vətən yolunda döyüşə gedim. Dedim bala, gəl səni evləndirim, dedi yox, ana, mən heç kimi bədbəxt edə bilmərəm. Vətən torpaqlarını azad edəcəyik, sonra evlənəcəyəm. Evlənmək ona qismət olmadı. O, əhdinə çatdı".

 

Ana övladını tez-tez yuxuda görür: "Yatdım, yuxuma girdi. Deyir, ana, paltarlarım evdədir, heç birini də yumamışam, iyimi onlardan alarsan, Qarabağın torpağı ayaqqabılarımın altındadır. Bax yuma, mən də yumamışam. Onunla nəfəs al. Mənim üçün  darıxanda onları götür.

 

Şəhidin qardaşı Elizbar Səfərov özünü xatirələrlə ovundurur: "Deyirdi ki, Vətən təkcə torpaq deyil, Vətən dindir, namusdur. Vətəni qorumaq hər birimizin borcudur. Şəhidlər vurulan zaman ölmür. Şəhidlər unudulan zaman ölür. Biz hamımız şəhidləri yaşatmaq üçün əlimizdən nə gəlir etməliyik. Şəhidlərimizin də ruhu onda şad olar".

 

Aprelin 4-də gizir Elmidar Səfərovun nəşi Aşağı Qaramanlı kəndində torpağa tapşırılıb. O vaxtdan artıq bir il keçib. Cəsur şəhidin aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar unudulmur, onun adı böyük məhəbbətlə anılır, yad edilir.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR