Azərbaycan prezidenti: “Qərar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qəbul olunmalıdır”
Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə edilib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev aprelin 3-də Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatların, ilk növbədə, Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində nizamlanmalıdır.
“Qərar suverenlik, beynəlxalq miqyasda tanınmış sərhədlər və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qəbul olunmalıdır və nizamlanmanın bu əsas bəndləri bu gün imzalanan Bəyannamədə əks olunub. Bu, münaqişələrin nizamlanması üzrə Qazaxıstanın prinsipial mövqeyinin daha bir göstəricisidir. Münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmalıdır. Bu, həmçinin Qazaxıstanın ölkəmizə münasibətinin təcəssümüdür”.
Nursultan Nazarbayev isə deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Qazaxıstanın mövqeyi Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələrə, yəni, beynəlxalq münasibətlərin hamılıqla qəbul olunmuş normalarına əsaslanır.
“Qazaxıstan Azərbaycanla olduğu kimi, Ermənistan və Gürcüstanla da mehriban münasibətlər saxlayır. Biz istərdik ki, burada sülh olsun və məsələ sülh yolu ilə həll edilsin. Biz bu yolda əlimizdən gələni edirik, necə deyərlər, hamıya məsələnin sülh yolu ilə həll olunmasını təklif edirik. Yeri gəlmişkən, bu, həm Ermənistan, həm də Azərbaycan xalqlarının, eləcə də, bizim hamımızın maraqlarına cavab verir. Hamımız bir yerdə yaşayırıq. Biz ticarət etməli, yaşamalı və inkişaf etməliyik”.
Nursultan Nazarbayev deyib ki, Qazaxıstanı bütün dünyanı bürüyən terrorçuluq narahat edir.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman