Mehriban Əliyeva erməni analara çağırış etdi: “Qoymayın balalarınız işğal siyasətinin qurbanı olsun”
Aprelin 3-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşüb. Birinci vitse-prezident Mehriban Əliyeva deyib ki, ötən ilin aprel ayının əvvəllərində Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törədib. Azərbaycan əsgərləri bu təxribatın qarşısını alıb, düşmənə layiqli cavab verilib. İşğal altındakı minlərlə hektar Azərbaycan torpağı uğurlu əks-hücum əməliyyatı nəticəsində azad olunub. Mehriban Əliyeva bildirib ki, bu, Azərbaycanın böyük hərbi qələbəsidir. Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir.
“Azərbaycan sülhsevər ölkədir. Məhz buna görə biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik və buna görə 20 ildən çoxdur ki, danışıqlar aparırıq. Lakin heç kim unutmamalıdır ki, Ermənistan Azərbaycanın torpaqlarını sülh yolu ilə işğal etməyib və Azərbaycan bu işğala heç vaxt dözməyəcək. Azərbaycan əsgərləri, Azərbaycan oğulları öz Vətəni yolunda mübarizə aparırlar, döyüşürlər, ömürlərini qurban verirlər, onların mübarizəsi haqq mübarizəsidir. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?! Münaqişənin və itkilərin səbəbi erməni əsgərinin Azərbaycan torpağında olmasıdır. Mən erməni analara üz tutub söyləmək istəyirəm ki, qoymayın öz balalarınız işğal siyasətinin qurbanları olsun, işğal siyasətinə dəstək verməyin”.
Mehriban Əliyeva əlavə edib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış, xəsarət almış əsgərlərimizin sağlamlığının bərpasına Azərbaycan dövləti xüsusi diqqətlə yanaşır.
“Mənim tapşırığımla sizin hər birinizə fərdi yanaşma tətbiq olunacaq və normal hərəkət dinamikasına yardım edən müasir protezlə təmin olunacaqsınız. Tapşırığıma əsasən xüsusi işçi qrup yaradılıb. Bu qrupda çalışan insanlar həm protezlərin təminatı, həm də gələcək mərhələdə onların texniki xidmətini həyata keçirəcəklər. İyirmi gün ərzində bütün lazımi işlər həyata keçiriləcək və mənə yekun hesabat təqdim olunacaq. Mən əminəm ki, bu addımlar atılandan sonra sizin normal həyata qayıtmağınız, sağlamlığınızın bərpa olunması daha da sürətlənəcək. Şübhəm yoxdur ki, siz gələcəkdə Azərbaycan üçün, Vətən üçün daha da böyük işlər görəcəksiniz”.
Görüşdən sonra “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinin geniş təqdimatı olub.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman