Gəncədə eyni mağaza ikinci dəfə qarət olundu

Gəncədə bir mağaza ikinci dəfə qarət olunub. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, Gəncə dəmiryolu vağzalının ərazisində şəhər sakini Cabir Qasımova məxsus mağazada oğurluq hadisəsi baş verib. Qapının şüşə hissəsini sındıraraq içəri daxil olan naməlum şəxs və ya şəxslər oradan xeyli miqdarda tütün məmulatları, alkoqolsuz içkilər və qida məhsullarını oğurlayıblar. Sahibkara təxminən 1000 manat məbləğində ziyan dəyib. Hadisə gecə baş verdiyindən mağaza sahibi cinayət əməlindən səhər saatlarında xəbər tutub və dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat  verib. Zərərçəkənin sözlərinə görə, ötən il də bu mağazadan oğurluq edilib.

Hadisə yerinə gələn Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə xətt polis şöbəsinin əməkdaşları zəruri istintaq hərəkətlərini həyata keçirib. Oğurluğu törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR