Qazaxıstan prezidentinin rəsmi qarşılanma mərasimi olub
Aprelin 2-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib.
APA TV-nin məlumatına görə, iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan prezidentini hava limanında baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev aprelin 3-də Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Daha sonra ali qonaq Şəhidlər xiyabanını ziyarət edib.
N.Nazarbayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qazaxıstanın və Azərbaycanın dövlət himnləri səslənib.
Azərbaycan paytaxtının mənzərəsini seyr edən Qazaxıstan prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayevin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.
Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan prezidentinə raport verib. Qazaxıstan və Azərbaycan dövlət himnləri səslənib.
Prezident İlham Əliyev və prezident Nursultan Nazarbayev fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Qazaxıstan prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Nursultan Nazarbayevə, Qazaxıstan nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Azərbaycan və Qazaxıstan prezidentləri rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin məhdud tərkibdə görüşü olub.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman