"Çin olan yuxu": Milli Qəhrəman Çingiz Qurbanova həsr olunur

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanova həsr olunmuş filmin təqdimatı keçirilib. Təqdimat şəhidin məzunu olduğu Azərbaycan Texniki Universitetində baş tutub. Tədbirdə Milli Qəhrəmanın ailəsi, millət vəkilləri, müxtəlif dövlət qurumlarının nümayəndələri və tanınmış ictimai xadimlər iştirak ediblər.

 

Universitetin rektor əvəzedicisi  Xaliq Yaqubov çıxışında Çingizlə fəxr etdiyini bildirib. Onu hər zaman millətini düşünən, vətənpərvər biri kimi xarakterizə edib. O bildirib ki, universitetin bu vaxta kimi verdiyi şəhidlərdən 10-u Milli Qəhrəman adına layiq görülüb.  Aprel döyüşlərində isə Universitet 4 şəhid verib. Filmin ideya müəllifi və baş prodüseri Vəli Turan isə bildirib ki, Çingiz Qurbanov aprel döyüşlərində Azərbaycanın torpaqlarının bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, qəhrəmanlarımızın, eləcə də ulu babalarımızın davamçısıdır. Çingizin igidlik göstərərək şəhid olması, Azərbaycan əsgərinin nəyə qadir olduğunun bariz nümunəsidir. Vəli Turan ARB Media Qrup tərəfindən lentə alınan "Çin olan yuxu" adlı ekran işində Milli Qəhrəmanın  şərəfli həyat yoluna nəzər salındığını qeyd edib.

 

"Çingiz Qurbanovun şəhid olması barədə xəbər aldıqdan, onun nəşi qaytarıldıqdan sonra fikirləşdik ki, Çingiz Qurbanovun xatirəsini əbədiləşdirmək üçün sənədli filmin çəkilməsinə ehtiyac var. Çəkilişlər Tovuz rayonunda, Milli Qəhrəmanın anadan olduğu Qusarın Həzrə kəndində, məzunu olduğu Texniki Universitetdə həyata keçirilib. Ümidvarıq ki, tamaşaçıların, izləyicilərin ürəyincə olacaq bir filmdir".

 

Çingiz Qurbanovun atası övladı ilə fəxr etdiyini deyib: "Mən hər birinizə təşəkkür edirəm. Çox sağ olun, zəhmət çəkmisiniz. Neçə gün Qusar rayonunda, hərbi hissələrdə, Texniki Universitetdə çəkilişlər aparıblar. Çingiz çox yaxşı oğul idi, vətənpərvər,  igid, ağıllı, savadlı övlad idi. Texniki Universitetin məzunu idi. Dövlət tərəfindən, prezident İlham Əliyev tərəfindən  ailəmizə göstərdiyi qayğıya görə, təşəkkür edirəm".

 

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Salman Oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR