Raquf Orucovun oğlu: "Cənnətə düşmək istəyirəm ki, atamla görüşüm" - QƏHRƏMANLARIMIZ

"Polkovnik-leytenant, aprel döyüşlərində şəhid olmuş Raquf Orucovun mənzilindəyik. Bizi Raqufun kiçik oğlu Nihad qarşıladı, elə söhbətimizə də Nihadla başladıq".

 

Nihad atası ilə bağlı xatirələrini bizimlə bölüşür: "Atamın yanına həmişə yay tətillərində gedirdik. Xoşbəxt olurdu bizimlə. Bəzən də mənə çoxlu hədiyyələr alırdı. Bir dəfə mənə silah hədiyyə etmişdi. Tətik çəkməyi, nişan almağı öyrədirdi".

 

Nihad Bakı Oksford Məktəbinin 5-ci sinfində oxuyur. Dərslərindən yaxşı qiymət alır. Artıq rus və ingilis dillərində sərbəst danışır. Deyir ki, atası onun da, böyük qardaşı Aqşinin də yaxşı oxumasını hər şeydən çox istəyib. Nihad hərbçi olmaq arzusundadır. Deyir ki, atası ilə vaxtaşırı hərbi şəhərciklərə gedib, əsgərlərlə görüşüb.

 

10 yaşlı Nihadın arzuları isə çox böyükdür...

 

"Mən də əsgər olmaq istəyirəm. Əvvəlcədən hazırlaşıram. Atasız darıxanda yazı yazıram ona. Bir də onun haqqında düşünürəm. Mənə demişdilər ki, şəhidlər ölməz. Ona görə də mən darıxanda o məni izləyir. Bilirəm ki iki yol var, bir cəhənnəm, bir cənnət, istəyirəm elə yaşayım ki, cənnətə gedim, sonda orada atamla görüşüm"...

 

Sevinc xanım ömrünün Raqufsuz ötən bir ilindən danışır. 1998-ci ildə ailə həyatı qurublar. İxtisasca hüquqşünas olan Sevinc xanım Raqufun ailəsinin yaşadığı yataqxanaya gəlin gedib. Az sonra Raqufun əsgərlik həyatı başlayıb. İlk oğlanları Aqşin Hacıkənddə dünyaya gəlib. Sevinc xanım soyuq bir qış günündə həyat yoldaşının qayğısını çəkmək, hər zaman onun yanında olmaq üçün Murova gedib. Buraların soyuğu, sazağı qorxutmayıb bu şəhər qızını. Necə deyərlər, “yar yolunda boran olar, qar olar”. Düz 17 il həyat yoldaşı ilə birlikdə Vətənin xidmətində durub Sevinc xanım.

 

"Onunla ailə qurmaq, onunla yaşamaq, onunla yaşlanmaq, onun övladlarını böyütmək çox böyük fəxarət hissi idi. O, tam fərqli bir insan idi. Bir-birimizə çox bağlı olmuşuq. Bir-birimi hiss edərdik. Harasa gedəndə, nə isə baş verəndə əlimi tez telefona atardım ki, zəng edim, görürdüm məndən əvvəl o zəng edir".

 

Sevinc xanımın Raqufla birgə Murovdağdan başlayan ömür yolu Qarabağın hər bölgəsində özünə bir iz qoyub.

 

"Murovdan başladıq. Amma onu elə Ağdamda xatırlayıram. Ağdam onun üçün nəfəs idi. Vətən torpağının doğma parçası idi onun üçün. Ana demək idi Ağdam onun üçün, onun 26 illik xidmətinin ən şərəfli günləıri də məhz Qarabağda keçib. Ağdam onun üçün anasının əsirlikdə qalan məzarına həm də yaxın idi. Bir gözü həmişə Ağdamda qalrrdı. Həmişə..."

 

Raqufun 20 yaşı olanda anası şəhid olub. Xanımı deyir ki, Raquf elə o gündən Raquf yaşlanmışdı, anası şəhid olduqdan sonra onun qəhqəhə ilə güldüyünü görən olmamışdı.

 

"Ağdamda olanda hər həftə sonu uşaqları götürüb yanına gedərdik. Bayramları keçirmək üçün də həmişə ora gedərdik. Raquf demək arxa demək idi, sevgi demək idi. 17 illik ailə həyatımızda heç kim deyə bilməzdi ki, mən ondan bir dəfə şikayət etmişəm. Bütün ailələrdə inciklik olur, amma məni bir dəfə də incitmədi. Hara getmişəmsə həmişə başı dik getmişəm. Raquf Orucovun yoldaşı kimi".

 

Sevinc xanım Raqufun öz övladlarından doymadığını deyir: "Doymadıq Raqufdan... Özü deyirdi ki, heç övladlarımdan doymadım. Bu adamın rahatlığı olmayıb. Əsgər şineli əynindən , çəkmələri ayağından çıxmaqdı Raqufun. Həmişə təhlükəli zonalarda xidmət elədi. Komandir oldu, yenə əsgəri ilə bir yerdə oturub-durdu. Biz onu bir dəfə süfrə başında tapmadıq. Bu adam Vətən üçün yaranmışdı. Bizim sevgimiz də o sevgini aşmadı".

 

Raquf Orucovun qardaşı Zabil deyir ki, onu əvəzləyən ikinci qardaş ola bilməz: "Çox səmimi, istiqanlı idi Raquf. Elə olub ki, 7 ay, hətta bir il belə üzünü görməmişik. Qayğısı, sevgisi həmişə üstümüzdə idi. Bizə ata əvəzi olub Raquf. Onu əvəz edən ikinci qardaş ola bilməz. İndi onun təsəllisini övladlarından daha çox Sevincdən alırıq. Elə bil ikinci Raquf doğulub".

 

Raquf Orucovun 16 yaşlı oğlu Aqşin atasının yoxluğunu böyük itki kimi dəyərləndirir: "Bizi çox istəyirdi. Amma onun üçün vətənin övladı, əsgəri başqa yerdə di. Ağdam da həmçinin.  Dünyanın heç bir gözəlliyi onun üçün Ağdamın gözəlliyini əvəz edə bilməzdi. Ağdamın bizdə olan hissəsində görünən bir təpəcik var, ora gedəndə bizi ilk ora aparırdı. Deyirdi ki, ordan baxanda işğal olunmuş torpaqlar görünür. Bizi hər dəfə ora aparırdı. Özü vətənpərvər idi, bizi də elə böyüdüb".  

 

Özünün dediyi kimi, atasızlıq, sözsüz ki, ona çətin olacaq. İndiyədək də atası onun üçün qürur ünvanı idi, amma indi bu ünvan daha da ucalıb, müqəddəsləşib. Çünki qəhrəman hərbçi, şəhid zabit Raquf Orucovun adı ilə bağlıdır bu ünvan! Ucalığın, ölümsüzlüyün Raquf Orucov ünvanı...

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR