Prezident: “Aprel döyüşlərindən sonra yeni dağıdıcı silahlar sifariş edilib”

“Baxmayaraq ki, indi maliyyə vəziyyətimiz əvvəlki illərdəki kimi deyil, ancaq ordumuzun ehtiyaclarını ödəmək üçün heç bir məhdudiyyət yoxdur”. Bunu Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşdə deyib. Dövlət başçısının sözlərinə görə, Azərbaycan aprel döyüşlərindən sonra yeni silahlar sifariş verib.

 

“Aprel döyüşlərindən sonra çox böyük məbləğdə yeni kontraktlar imzalanmışdır və ən müasir, yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan silahlar sifariş edilmişdir. Onların bir hissəsi Azərbaycana gətirilib. Sadəcə Ermənistan rəhbərlərindən fərqli olaraq, biz bunu təbliğat naminə nümayiş etdirmirik. Amma lazım gələrsə və vaxt gələndə, lazım bildiyimiz anda biz bir daha göstərəcəyik ki, nəyimiz var. Qoy, onlar bilsinlər ki, bu gün Azərbaycan Ordusu həm döyüş qabiliyyəti, vətənpərvərlik ruhu və maddi-texniki təminat baxımından dünya miqyasında güclü ordular sırasındadır”.

 

Prezident bəyan edib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək və qondarma “Dağlıq Qarabağ qurumu”nun heç bir gələcəyi yoxdur:

 

“Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır”.

 

Prezident İlham Əliyev Azərbaycanın başlatdığı əməliyyatı yarımçıq dayandırması barədə iddialara da cavab verib:

 

“İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil”.

 

Prezident əlavə edib ki, aprel döyüşlərində Azərbaycan tam gücündən istidadə etməyib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR