"Qızımın ad gününə gedirdik, yolda eşitdik ki, əri onu öldürüb" - QƏBƏLƏDƏ DƏHŞƏTLİ QƏTL

Qəbələ rayonunda qətl hadisəsi törədilib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Böyük Pirəli kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Ağababayev Vasif Akif oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ağababayeva Afət Həsənağa qızını bıçaqlayıb. Bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan Afət Ağababayeva hadisə yerində dünyasını dəyişib. Rayon sakinlərinin sözlərinə görə, hadisə qısqanclıq səbəbindən baş verib. Qətli törədən şəxs tutulub.

 

Mərhumun anası Həqiqət Baxşəliyeva qızının daim zorakılıqla üzləşdiyini deyib: "Qızıma qarşı çox zorakılıq edilib. Həmişə ona qarşı ər evində zülm ediblər. Biz zorla onu otuzdurmuşuq orada. Aclıq çəkib orda. Həmişə bazarlıq edib aparıb vermişəm, istədiklərini almışam. Özünü qurtara bilmədi onların əlindən. Oğlan qızımı istəyib evlənib. Toy eləmişik. Sonra qızıma çox əzablar verdilər".

 

Ananın sözlərinə görə, yeznəsi bundan əvvəl qızını yandıraraq öldürmək istəyib: "Əvvəllər qızımı evin içində yandırmaq istəyiblər. Qapıları bağlayıb evi yandırmışdılar, qonşuların köməyi ilə qızım yanan evdən xilas olmuşdu. Sonra biz köməklik elədik, onlara təzə ev tikdik. İlaxır çərşənbədə bizə gəlmişdi yoldaşı ilə, 5 gün bizdə qalıb getdilər. Novruz bayramında onlara gedə bilmədim, dedim ki sizə ad günündə gələcəyəm. Tez-tez telefonla danışırdıq, yaxşı idi. Martın 30-da qızımın ad gününə gedəcəkdik. Yoldaşımla hazırlaşmışdıq ki, qızımgilə gedib onu təbrik edək, eşitdik ki, yoldaşı onu öldürüb”.

 

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR